SMDT sədri Mərkəzi Seçki Komissiyasına müraciət edib

Anar Məmmədli MSK sədri Məzahir Pənahovdan seçici siyahılarının vəziyyəti ilə bağlı suallara aydınlıq gətirilməsini xahiş edib.

Noyabrın 1-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova vahid seçici siyahılarının vəziyyəti ilə bağlı araşdırmaların aparılması ilə bağlı müraciət edib.

SMDT sədri müraciətində MSK-nın ölkə üzrə seçicilərin sayı ilə bağlı açıqladığı rəqəmlə Dövlət Statistika Komitəsinin ölkə əhalisinin sayı ilə bağlı İnternet səhifəsində yerləşdirdiyi rəqəmlər arasındakı fərqlərə aydınlıq gətirilməsini xahiş edib.

Xatırladaq ki, MSK vahid seçici siyahısında seçicilərin sayını ölkə üzrə əhalinin 54 faizi, yəni 4,829,888 nəfər təşkil etdiyini qeyd edib. Ancaq Dövlət Statistika Komitəsinin rəsmi internet saytında 18 yaşdan yuxarı vətəndaşların, yəni seçki hüququna malik seçicilərin respublika üzrə əhalinin 70 faizini, təxminən 6,438,000 nəfər təşkil etdiyi qeyd olunub.

A.Məmmədli həmçinin son iki ildə Azərbaycanda keçirilən səsvermələr– 23 dekabr 2009-cu il bələdiyyə, 18 mart 2009-cu il referendum və 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı seçicilərin sayında baş verən artma-azalmaların səbəblərinin də araşdırılmasını xahiş edib.

Bundan əlavə müraciətdə bəzi seçki dairələrinin formalaşdırılmasında Seçki Məcəlləsində göstərilən qaydalara əməl olunmadığı qeyd edilib. Belə ki, 5 saylı Şahbuz-Babək, 54 saylı Şabran-Siyəzən, 26 saylı Sabunçu birinci seçki dairələrinin seçicilər siyahısında ümumi saylar arasında kəskin fərqlər müşahidə edilir.