SMDT Seçki Gününə dair ikinci press-relizi açıqlayıb

SMDT ilə əməkdaşlıq edən müşahidəçilər 7 noyabr 2010-cu il parlament seçkilərinin ölkənin 125 seçki dairəsi üzrə Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında monitorinqini həyata keçirir. SƏM metodu ölkə üzrə seçki məntəqələrinin milli təmsilçiliyini əsas götürməklə, seçki günü keçirilən prosesin hüquqi keyfiyyətini dəqiq və operativ öyrənməyə imkan verir.

Seçici fəallığı:

Müşahidəçilərin saat 15.00-dək seçki məntəqələrindən verdiyi məlumata görə, ölkə üzrə seçici fəallığı 32 faiz olub. Qeyd edək ki, seçici fəallığı ilə bağlı məlumatlar Məntəqə Seçki Komissiyalarının elan etdiyi rəqəmlər olub və SMDT ilə əməkdaşlıq edən müşahidəçilər səsvermədə iştirak edən seçicilərin ayrıca sayılmasını aparmayıblar. Ancaq saat 15.00-da Mərkəzi Seçki Komissiyasının internet səhifəsində elan edilən məlumatlar üzrə seçici fəallığı 38 faiz olub.


Səsvermə prosesi: 

Seçki günü müşahidə zamanı SMDT ilə əməkdaşlıq edən müşahidəçilər səsvermənin aşkarlığı və qanuniliyinə  xələl gətirən hallar qeydə alıblar. Bu hallarla bağlı məlumatlar aşağıdakılardır:

  • 66 saylı Biləsuvar seçki dairəsinin 8 saylı məntəqəsində bütün gün ərzində məntəqənin sədri Quliyev Əflatun, katiblər Əliyeva Ramilə, Əliyev Bəhruz, Quliyev Ziya seçki qutusuna saxta bülletenlər atıblar.  Eyni hal 88 saylı dairənin 10 saylı seçki məntəqəsində də baş verib. MnSK sədri Sahib Əhmədov seçki qutusuna bir neçə bülleten atıb.
  • 103 saylı Gədəbəy seçki dairəsinin 17 saylı məntəqəsində seçki prosesinin başlanmasından 50 dəqiqə keçməsinə baxmayaraq seçki qutusuna 98  bülleten atılıb. Müşahidəçi Orxan Nuriyevin verdiyi məlumata görə, MnSK sədri Qalib Allahverdiyev seçki qutusuna saxta bülletenlər atıb.
  • 22 saylı Nəsimi ikinci seçki dairəsinin 19 saylı məntəqəsində  Asim Molllazadənin nümayəndəsi  ilə digər deputatlığa namizəd Pənah Hüseyn arasında insident baş verib.  Müşahidəçi Azər Rzayevin verdiyi məlumata əsasən bu insident bir seçicinin qutuya saxta bülleten atmasına görə yaranıb.
  • 31 saylı Suraxanı ikinci seçki dairəsinin 2 saylı məntəqəsində müşahidəçi Xalid Bağırov məntəqə sədri Tağıyeva Qiymət tərəfindən seçici siyahısında adı olmayan seçicinin səs verməsinə etiraz etdiyi üçün məntəqədən uzaqlaşdırılıb.
  • 29 saylı Səbail seçki dairəsinin 27 saylı məntəqəsində  müşahidəçi MnSK sədrinin müraciəti əsasında polis tərəfindən məntəqədən kənarlaşdırılıb. Qeyd edək ki, müşahidəçi barmaqları mürəkkəblənmədən seçicilərin səsverməyə buraxılması, qrup halında seçicilərin məntəqəyə gətirilməsi halları barədə akt yazarkən onun müşahidə aparmasına imkan verilməyib.
  • 100 saylı Şəmkir-Daşkəsən dairəsinin 21 saylı məntəqəsində seçicilər Zaməddin Mehdiqanov tərəfindən məntəqəyə qrup halında gətiriliblər. 100 saylı dairənin 21 saylı məntəqəsində seçicilərə Mübariz Qurbanlıya səs verməyi tapşırıblar. Məntəqənin qarşısında dayanan kənd icra nümayəndəsi Ələddin Əliyev və icra nümayəndəsinin katibi Fəxrəddin Qarayev seçicilərə Mübariz Qurbanlıya səs verməyi tapşırıblar.
  • 81 saylı Beyləqan seçki dairəsinin 2 saylı məntəqəsində Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Mustafayev Mahir məntəqə qarşısında dayanaraq seçicilərə kimə səs vermələrini məsləhət görüb. Müşahidəçilərin səylərinə baxmayaraq MnSK sədri bu halın qarşısını almayıb.
  • 39 saylı Kəpəz birinci seçki dairəsinin 14 saylı məntəqəsində seçici bir dəfə səs verdikdən sonra təkrar səsverməyə buraxılıb. Müşahidəçi Abbaszadə Nigar bu halla bağlı iradını məntəqə seçki komissiyasının sədri Hafiz Əsgərova bildirəndə müşahidəçiyə bildirilib ki, o səsvermə prosesinə mane olur  və  müşahidəçi barədə akt tərtib edilib. Akt tərtib edilərək Müşahidəçi məntəqədən uzaqlaşdırılıb.
  • 67 saylı Cəlilabad seçki dairəsinin 5 saylı məntəqəsində Ədalət Əsgərovun rəhbərliyi altında məktəbin müəllimlərinin hər biri seçkiyə 20 nəfər gətirib. Müşahidəçi Anar Məlikovun qeyd etdiyinə görə bir seçicinin  müxtəlif adamların əvəzindən bir neçə dəfə səsvermədə iştirak etməsinə şərait yaradılıb.

Seçki məntəqələrində səslərin sayılması prosesi başa çatdıqdan sonra ölkə üzrə seçki dairələrinin bir çoxunda müstəqil və namizədləri təmil edən müşahidəçilər seçki məntəqələrindən müxtəlif səbəblər gətirilməklə uzaqlaşdırılıb. Hazırda əldə olunan məlumata görə SMDT ilə əməkdaşlıq edən 40-a yaxın müşahidəçi seçki məntəqələrindən kənarlaşdırılıb.