SMDT Siyasi İştirakla bağlı durumun monitorinqini aparır.

SMDT respublikanın 10 bölgəsində  “Siyasi iştirakın  monitorinqi və vətəndaşlara siyasi hüquqların təlimi” proqramını həyata keçirir. Proqramın  əsas məqsədi siyasi iştirakla bağlı problemləri müəyyənləşdirmək, həmin problemlərin həlli yollarını müzakirə etmək, ölkədə ictimai-siyasi proseslərin monitorinqini aparmaq və siyasi azadlıqlarla bağlı maarifləndirmə işləri həyata keçirməkdir.

Hazırda SMDT proqram çərçivəsində bölgələrdə siyasi iştirakla bağlı vətəndaş forumları həyata keçirir. Məsələn, iyunun 14-də Masallıda, iyunun 15-də Beyləqanda, iyunun 18-də isə Göyçayda siyasi fəaliyyətlə məşğul olan şəxslərin iştirakı  ilə “Siyasi azadlıqların durumu” mövzusunda vətəndaş forumları keçirilib. Həmin forumlarda siyasi azadlıqlar və siyasi iştirak, siyasi azadlıqlara qoyulan məhdudiyyətlər müzakirə olunub. Forum iştirakçıları tərəfindən siyasi iştirak və siyasi azadlıqlarla bağlı vəziyyətin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürülüb. Forumlar zamanı iştirakçılara siyasi azadlıqlar və siyasi iştirakla bağlı qaydalardan ibarət toplular paylanılıb.

Qeyd edək ki, SMDT forumlarda fəal iştirak edən şəxsləri gələcəkdə təşkil olunacaq Siyasi təşkilatlanma üzrə  bacarıqların artırılmasına dair seminarlara cəlb edəcək.

SMDT proqram çərçivəsində həmçinin ölkə üzrə  58 rayon icra hakimiyyətlərinə sərbəst toplaşmaq azadlığının təminatı ilə bağlı suallardan ibarət informasiya sorğuları göndərib. İnformasiya sorğusunun məqsədi rayonlarda QHT-lər üçün seminar, dəyirmi masa və konfransların keçirlməsi üçün müəyyən edilmiş yerlər, habelə dinc yığıncaqlar, mitinqv ə nümayişlərinin keçirilməsi üçün ayrılmış sahələr barədə məlumat əldə etməkdir.

SMDT siyasi fəaliyyətlə məşğul olan şəxslər arasında siyasi iştirakla bağlı imkanları, bacarıqları və çətinliklərə dair durumu öyrənmək məqsədilə 500 nəfər arasında sorğu keçirir. Sorğu vasitəsilə əldə olunan məlumatlar qiymətləndiriləcək və siyasi iştirak sahəsində vəziyyətin təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.

Proqram üzrə həyata keçirilən digər bir tədbir  Avropa İttifaqı Şərq Tərəfdaşlıq proqramına daxil olan bəzi ölkələrdə siyasi iştirakla bağlı qanunları, xüsusilə birləşmək azadlığı üzrə hüquqi mexanizmləri öyrənməkdir. SMDT-nin ekspertləri müqayisəli təhlil metodu üzrə aparılan araşdırmalar əsasında hesabat hazırlayacaqlar.

Media və İctimai Əlaqələr Departamenti