Ukrayna parlamenti mayın 22-də fövqəladə iclas keçirəcək. İki gün öncə bu ölkədə Prezident Volodymyr Zelenskiy-nin andiçmə mərasimi olub.

İclası Ali Radanın spikeri Andriy Parubiy Zelenskiy-nin xahişilə çağırıb.

Zelenskiy mayın 21-də fərman verərək Ali Radanı (Verkhovna Rada) buraxıb, iyulun 21-nə növbədənkənar seçki təyin edib.

Parubiy elə həmin gün Facebook postunda Zelenskiy-nin fərmanını qanunsuz adlandırıb.
“Konstitusiyanın təminatçısının vəzifəsinə Konstitusiyanı kobudcasına pozmaqla başlaması kədərli və narahatedicidir”, – Parubiy yazıb.

Spiker əlavə edib ki, deputatlar prezidentin fərmanının ləğv edilməsi xahişilə Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Prezident deyib ki, parlamentin iclasında seçki qanunvericiliyinə dəyişikliklər müzakirə olunacaq.

Zelenskiy parlamentə növbəti seçkini partiyasi siyahısı üzrə keçirməyə çağırıb, indiki sistemin korrupsiyaya rəvac verdiyini iddia edib.

Komediya ustası Zelenskiy aprelin 21-də seçkinin ikinci raundunda prezident Petro Poroshenko-nu məğlub edib. O, prezidentliyə namizədliyini heç bir siyasi partiyanın dəstəyi olmadan verib və parlamentdə onu rəsmi dəstəkləyən qüvvə yoxdur.

Zelenskiy and içəndən bir neçə saat sonra Baş nazir Volodymyr Hroysman mayın 22-də istefa verəcəyini, növbədənkənar seçkiyə qatılacağını bildirib.
***

Zelenskiy növbədənkənar parlament seçkisi çağırır

Ukrayna prezidenti Volodymyr Zelenskiy inaqurasiyasından bir gün sonra parlamentin buraxılması və iyulun 21-də növbədənkənar parlament seçkisinin keçirilməsi barədə fərman verib.

Zelenskiy habelə mayın 21-də Ukrayna silahlı qüvvələrinin yeni qərargah rəisini təyin edib.

Mayın 21-də Zelenskiy prezident administrasiyasında ölkə parlamenti Verxovna Radanın buraxılması mıəsələsini spiker Andriy Parubiyvə parlament fraksiyalarının rəhbərləri ilə müzakirə etmişdi.

Ukrayna parlamentində 2016-cı ildən bəri hakim koalisiya olmayıb.
Prezident izah edib ki, Verxovna Radanın buraxılması qərarı parlamentin vətəndaşlar arasında cəmi 4 faiz etibara malik olması ilə bağlı qəbul edilib.

Zelenskiy bunu da bildirib ki, parlamentin buraxılmasına daha bir səbəb burada heç bir hakim koalisiyanın olmamasıdır.

Hakim Avropa Ukraynası koalisiyası Zelenskiy-nin xələfi Petro Poroshenko-nun blokundan, Xalq Cəbhəsindən, Samopomiç qrupundan, Batkivşina (Ata yurd) partiyasından və Radikal Partiyadan ibarət idi. Son üç partiya bu fraksiyanı 2015-2016-cı illərdə tərk edib.

Xalq Cəbhəsi blokdan çıxmasını keçən həftə bəyan etmişdi.

Şərhçilər bildirirlər ki, yeni parlament seçkisi Zelenskiyə prezident kimi öz mövqeyini möhkəmlətmək və Poroshenko tərəfdarlarının təsirini azaltmaq üçün lazımdır.

 

AZADLIQ RADİOSU