Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə günü artıq 600-dən artıq seçki pozuntusu qeydə alınıb. Bu da seçkilərin birinci turunun analoji vaxtı ilə müqayisədə eynidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxil olan şikayətlər araşdırılır, müvafiq qərarlar çıxarılır. Bunların əksəriyyəti qanunsuz təbliğat, seçki bülletenlərinin şəkillərinin çəkilməsi ilə bağlıdır.

Səsvermə günü, həmçinin Ukraynanın 3 vilayətinin 10 obyektinin minalanması ilə bağlı xəbər daxil olub. Ancaq yoxlamadan sonra məlumatlar təsdiqini tapmayıb.

Mərkəzi Seçki Komissiyası isə yaydığı məlumatda, seçki pozuntularının səsvermənin nəticələrinə təsir etmədiyini açıqlayıb.

Qeyd edək ki, Ukraynada prezident uğrunda iki namizəd-Vladimir Zelenski və Petro Poroşenko mübarizə aparır.

 

AZƏRTAC