Vətəndaş Cəmiyyəti fəalları karantin dövründə hüquq və azadlıqların pozulması mövzusunu müzakirə edib

96

SMDT-nin təşkilatçılığı ilə “Pandemiya dövründə tətbiq edilən karantin qaydalarının hüquqi əsasları və praktiki səmərəsi” mövzüsunda dəyirmi masa təşkil edilib. Müzakirədə iştirak ediblər- moderator Anar Məmmədli, hüquqşünas Emin Abbasov, iqtisadçı Toğrul Vəliyev, hüquqşünas Səməd Rəhimli, iqtisadçı Samir Əliyev, ictimai fəal Bəxtiyar Hacıyev. Online müzakirə zamanı pandemiya dövründə dövlət orqanlarının qəbul etdiyi qərarların hüquqiliyi və səmərəliliyi, karantin dövründə insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınması, habelə vətəndaş nəzarətinin gücləndirlməsi mövzuları müzakirə olunub.

Emin Abbasov: “Pandemiya ilə bağlı ölkə boyu hüquq və azadlıqlar üzərində tətbiq edilən məhdudiyyətləri və müxtəlif qadağaları de-fakto fövqəladə vəziyyətə bərabər hal kimi səciyyələndirə bilərik. Baxmayaraq ki, ölkədə hal-hazırda fövqəladə hal rejimi yoxdur. Çünki onun tətbiqi ilə bağlı istər konstisiyon, istərsə də digər hüquq prosedurları gözlənilməyib. Baxmayaraq ki, dövlətlər ictimai maraqlar naminə  hüquq və azalıqlara müdaxiləçi hərəkətlərə yol verə bilirlər amma bu müdaxiləçi səlahiyytlər də hüququn ümumi prinsiplərinin hüququn aliliyinin müəyyən etdiyi çərçivələr daxilində qalmalıdır.”

Səməd Rəhimli: “De-fakto ortada olan vəziyyət fövqəladə vəziyyət rejimidir. Məncə bu mübahisəsiz haldır. Bizim yeganə problemimiz ondan ibarətdir ki, formal hüquqi baxımından fövqəladə vəziyyət elan etmək Azərbaycanda icra hakimiyyəti orqanının,prezidentin səlahiyyətində olan bir məsələdir. Bu səlahiyyəti həyata keçirmədikləri üçün biz onları məhkəməyə də verə bilmirik. Yeni bir xüsusi rejim yaradılır. Amma bu xüsusi hüquqi rejimi yaratmaq müvafiq qurumların diskrision səlahiyyətidir. Hal-hazırda fövqalədə vəziyyət haqqında qanunun tələblərinə uyğun rejim həyata keçirilir. Buna baxmayaraq fövqaldə vəziyyət elan edilməyib. Hüquqi müəyyənlik prinsipinə zidd olaraq əvvəlcədən məlumatlandırılmamışıq. Üzərimizə qoyulan öhdəliklərə baxmayaraq, həmin öhdəliklərə görə məcbur edildiyimiz məhdudiyyətlərin kompensasiyası da edilmir.”

Samir Əliyev: “Son dövrlər biz yoluxma sayının artmasını müşahidə edirik. Bu artım, iki ay öncəsi ilə müqayisədə 10 dəfə çoxdur. Deməli, bu karantin tədbirləri bir o qədər effekt vermədi. Bunun həm də iqtisadi tərəfləri var. İnsanların sosial şəraitinin yaxşı olması, gəlir əldə etməsi də onun hüququdur. Azərbaycanda kifayət qədər qeyri-rəsmi məşğulluq var. Xeyli insan var ki, onlar günəmuzd işləyir. Karantin tədbirləri bu insanların gəlirlərinə təsir göstərir. Mən hələ ümumi iqtisadiyyatı demirəm. Karantin tədbirlərində mən daha çox sistemsizlik, vahid bir strategiyanın olmamasını  müşahidə etdim. Opartiv Qərargahda verilən qərarların ictimai rəyi nə dərəcədə nəzərə aldığı da sual mövzusudur.”

Toğrul Vəliyev: “Dövlət qurumları hesab edir ki, biz nəsə elan etdiksə mütləq buna riayət etməliyik. Reallıqda vəziyyət bir qədər başqadır. Çünki nəyisə elan edəndə hansısa meyarlar hazırlamalısan ki, karantin elan edildi, bu karantindən necə çıxmaq olar. Mayın 18-də Azərbaycanda sms sistemi ləğv olunduqda insanlar başa düşmədi ki, bu nəyə görə baş verdi. Yoluxmaların sayı azalır.  Amma səbəb budur ya yox? Bəlli deyildi.  Ona görə də əvvəlcədən elan etməliydilər ki, qərarlar məhz bu meyarlara uyğun göstəricilərə əsaslanıb. Bu səbəbdən karantin aradan götürülür. Bundan sonra insanlar biləcəkdilər ki, bu gün karantin olur, sabah ola bilər qapanma olsun və s. Amma təəssüflər olsun ki, ümumiyyətlə heç bir məlumat verilmir. “

Bəxtiyar Hacıyev: “Mən düşünürəm ki, bu pandemiya uzun illər ərzində dövlət idarəçiliyində formalaşmış bütün problemləri üzə çıxardı. İlk günlər bizim müşahidə etdiyimiz o oldu ki, dövlətdə vahid bir qərar vermə mexanizmi yoxdur. Bir çox hallarda müxtəlif dövlət qurumları arasındakı səlahiyyətlərin toqquşması, bəzi hallarda səlahiyyətin hansısa quruma verilib-verilməməsi, hətta son günlərə qədər bir qurumun səlahiyyətlərinin birindən alınıb, digərinə verilməsi və  sonra təkrar  geri qaytarılması, təxminən eyni sahədə paralel qurumların yaradılması  müşahidə edildi. Mən düşünürəm ki, bu, operativ qərargahın da, dövlətin də pandemiyaya reaksiyasında çox ciddi rol oynadı.”

Müzakirəni izləmək üçün linkə daxil olun