Ukraynada prezidentliyə namizədlər arasında debatla bağlı daha bir əngəl ortaya çıxıb.

Prezident Petro Poroshenko-nun sözçüsü Oleh Medvedev deyib ki, prezident aprelin 19-da Kiyev Olimpiya Stadionunda debata getməyəcək, çünki rəqibi Volodymyr Zelenskiy debatın vaxtını dəyişmək istəyir. Debatın saat 4-dən 6-dək keçirilməsi nəzərdə tutulur.

Zelenskiy-nin komandası hələlik, son qərarı təsdiqləməyib.

Medvedev daha öncə demişdi ki, hər iki namizədin müşavirləri debatın aprelin 19-da stadionda keçirilməsinə dair müqavilə imzalayıblar. Ancaq o, tərəflərin hələ də qaydaları müzakirə etdiyini bildirib.

“Hələlik, baxışlarımız fərqlidir”, – o söyləyib.

Medvedev-in sözlərinə görə, Zelenskiy tərəf debatın saat 7-də başlamasını tələb edir.

​Poroshenko teledebata gedəcək

Bu halda, onun fikrincə, namizədlər ikinci debata gedə bilməyəcəklər. İkinci debat Mərkəzi Seçki Komissiyasının tələbilə həmin gün axşam İctimai Televiziyanın studiyasında başlanmalıdır. Bu debat axşam 7- 10 arası canlı yayımlanmalıdır.

Sözçü deyib ki, Poroshenko “əsasən İctimai Televiziyanın debatına gedəcək, çünki bunu qanun tələb edir, qalanı vacib deyil”.

Stadionda aprelin 19-da debat keçirilməsini Zelenskiy tələb edib. Poroshenko sonucda buna razılaşaraq aprelin 14-də debata gedəcəyini söyləyib. Həmin gün prezident stadiona getsə də, Zelenskiy gəlməyib.

Bu arada 20-dək media orqanı aprelin 16-da Zelenskiy-ə açıq məktub yazaraq onu seçkinin ikinci raundu öncəsi onların suallarını cavablandırmağa, medianı “gözardı” etməyə son qoymağa çağırıb.

Media orqanları prezidentliyə namizədin yalnız say-seçmə mediaya müsahibə verdiyini, yerli jurnalistlərlə açıq təmasdan qaçdığını deyirlər.

Martın 31-də seçkinin birinci raundunda Zelenskiy Poroshenko-dan iki dəfə artıq səs yığıb, ancaq bu, qalib gəlməkdən ötrü yetərli olmayıb.

Bir çox rəy sorğuları onun ikinci raund qabağı da Poroshenko-dan üstün mövqedə olduğunu göstərir.

AZADLIQ RADİOSU