Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan Respublikası Milli Məclisinin təqdim etdiyi “Siyasi Partiyalar haqqında” qanun layihəsini Avropa Şurasının Hüquq vasitəsi ilə Demokratiya üzrə Avropa Komissiyası (Venesiya) Komissiyası və  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun siyasi partiyalarla bağlı müxtəlif rəy və tövsiyələri əsasında dəyərləndirilməsini apararaq, bu sənəddə xeyli məhdudlaşdırıcı hallar müəyyən edib.

SMDT hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunun Avropa Şurası və ATƏT standartları əsasında təkmilləşdirilməsini zəruri sayaraq, bildirir ki, yeni qanun layihəsi Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun üzv ölkələrdə siyasi partiyaların nizamlanması üçün tərtib etdiyi qaydalar və tövsiyələr nəzərə alınmadan tərtib edilib. SMDT həmçinin qeyd edir ki, yeni qanun layihəsində hər iki beynəlxalq qurumun 2020-ci ildə yenidən nəşr etdiyi bələdçi sənədi, habelə Avropa Şurası Venesiya Komissiyasının “Siyasi partiyalar haqqında” qanun və qanuna dəyişikliklərlə bağlı 2004 və 2011-ci illərdə qəbul etdiyi rəylərdə əks olunan demokratik müddəalar nəzərə alınmayıb.

Yekunda SMDT bəyan edib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsində təklif olunan bir çox maddələr ölkə Konstitusiyası, həmçinin ölkənin qoşulduğu beynəlxalq sənədlərdə təsbit olunan birləşmək və ifadə azadlıqları, siyasi həyatda iştirak hüququnun icrasına maneələr yaradacaq. Bu baxımdan SMDT təklif edir ki, qanun layihəsi barədə ilkin ictimai dinləmədən sonra bu sənədin Avropa Şurası standartlarına uyğunluğunu qiymətləndirmək üçün Venesiya Komissiyasına təqdim olunsun.

Rəyin tam mətni ilə buradan tanışa ola bilərsiz