“Seçkilərdə müşahidəçiliyin əhəmiyyəti” Vətəndaş Forumu

İyulun 26-da  Zaqatalada “Seçkilərdə müşahidəçiliyin əhəmiyyəti” mövzusunda Vətəndaş Forumu keçirilib. SMDT-nin hüquqşünası Azər Qasımov tədbir iştirakçılarını müşahidəçilik prinsipləri, qaydaları, hüquq və vəzifələri barədə məlumatlandırıb.

Müsavat partiyasının Zaqatala rayon təşkilatının sədri Soltanov Saleh seçkidə müşahidəçiliyin əhəmiyyətini vurğulayaraq, demokratik seçkilərin keçirilməsi üçün hazırlıqlı və prinsipial müşahidəçilərin rolunun yüksək olduğunu bildirib.

Əhrar partiyasının Zaqatala rayon təşkilatının sədri Oktay Hacıyev gənclərin seçki prosesinə inamsızlığını və biganəliyini qeyd edib. “Son vaxtlar gəncləri seçkiyə müşahidəçi kimi cəlb etmək çətinləşib” – Oktay Hacıyev əlavə edib.

Regionda müşahidəçiliyin təşkilinin vacibliyini və müstəqil insanların bu prosesə cəlb edilməsinin zəruriliyi bir daha iştirakçılar tərəfindən vurğulanıb.

İyulun 27-də Şəkidə “Milli Məclisə seçkilərin keçirilməsinin əsasları” mövzusunda Vətəndaş Forumu keçirilib. SMDT-nin bölgə üzrə koordinatoru Razim Rzayev iştirakçıları təşkilatın fəaliyyəti haqqında məlumatlandıraraq qarşıdan gələn Parlament seçkilərinə hazırlıqlardan danışıb.

“Gəncliyin Elmi Mədəni İnkişafı” İctimai Birliyinin Şəki şəhərindəki regional nümayəndəsi Dəyanət Elmansoy 2005-ci il Parlament seçkilərindən bəri bütün seçkilərdə müşahidəçi olduğunu qeyd edib və ölkədə demokratik seçkilərin keçirilməsi üçün gənclərin daha aktiv olmasının vacib olduğunu əlavə edib.

Müsavat partiyasının Şəki rayon təşkilatının sədri Həbibulla Manaflı qeyd edib ki, azad seçkilərin keçirilməsinə mane olan əsas problem maarifçiliyin zəif olması deyil, hakimiyyətin siyasi iradə göstərməməsidir. Sədr həmçinin qeyd edib ki: “Seçkini kimin keçirməsi vacib deyil, əsas məsələ nəticələri kimin saymasıdır”.

Şəki şəhər bələdiyyəsinin üzvü İsmayıllı Cavad seçkidə saxtakarlıqların daha da təkmilləşdiyini qeyd edərək ən çox saxtakarlıqların Milli Məclisə keçirilən seçkilərdə olduğunu xatırladıb. “Bunun qarşısını almaq üçün seçki subyektlərini,  xüsusilə də müşahidəçilərin seçki prosesinə dair qanunvericiliyi yaxşı bilmələri vacibdir” – bələdiyyə üzvü əlavə edib.

Yekunda forum iştirakçıları regionda olan təzyiqlərə baxmayaraq seçicilərin seçkilərdə iştirak etmələrinə çalışacaqlarını bildiriblər.
28 İyulda Ağcabədi rayonunda keçirilən “Seçki orqanlarının fəaliyyəti və onlara ictimai nəzarət” Vətəndaş Forumunda Azər Qasımov, SMDT-nin hüquqşünası, seçki komissiyalarının təşkili, hüquq və vəzifələri və onların üzərində vətəndaş nəzarəti mexanizmləri barədə məlumat verib.

Müəllim Nadirov İldırım büdcə orqanları üzərində vətəndaş nəzarətinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki: “Əgər demokratik seçki keçirmək istəyiriksə, büdcə idarələrinə təsir etmək imkanlarımız olmalıdır, çünki hazırda seçkini büdcə orqanları keçirir”.

Könüllü Nuşirəvan Məmmədov Məntəqə Seçki Komissiyalarının fəaliyyətinin bitərəfliyinin vacibliyini qeyd edərək son seçkilərdə polislərin MnSK-nın üzvlərindən fərqlənmədiyini hətta bəzən MnSK-nın sədrləri ilə bərabər oturduqlarını bildirib.

“Yeni Müsavat” qəzetinin Qarabağ nümayəndəsi Rəşid Nəcəfov son 10 ildə keçirilən bütün seçkilərdə çox ciddi qanun pozuntularının olmasını qeyd edib. “Qanunsuzluqlar əsasən komissiya üzvləri tərəfindən törədilir. Əvvəlki seçkilərdə qanunsuzluqlar DSK-larda olurdusa, son seçkilərdə MnSK-da olur. Hazırki vəziyyətdə qanunsuzluqlarla mübarizə aparmaq üçün müşahidəçilər öz hüquqlarını və ümumiyyətlə seçki prosesini daha mükəmməl bilməlidirlər” – deyə jurnalist əlavə edib.

Forumlarda 50-dən çox siyasi partiya nümayəndələri, bələdiyyə üzvləri, könüllülər və müəllimlər iştirak edib.