Şimali Makedoniyanın hakim partiyasının dəstəklədiyi Stevo Pendarovski prezident seçkisinin ikinci raundunda qalib gəlib.

Mayın 5-də keçirilmiş səsvermədə bülletenlərin 100 faizi sayılıb. Pendarovski səslərin 51,7, rəqibi Gordana Siljanovska-Davkova isə 44,7 faizini yığıb. Davkova-nı əsas müxalifət partiyası dəstəkləyirdi.

Dövlət Seçki Komissiyası seçici fəallığının 46,7 faiz olduğunu deyib. Fəallıq 40 faizdən aşağı olardısa, seçki baş tutmamış sayılacaqdı.

Komissiya seçki zamanı böyük insident baş vermədiyini bildirib.
Müxalifət narazıdır

Ancaq müxalifətin VMRO DPMNE partiyası hökuməti “seçkini quraşdırmaqda” suçlayıb, “bir sıra qanunsuzluqlar” aşkarladığını deyib.

Öncəki seçkilərdə zorakılıq, çirkli oyunlar, kəskin millətçi ritorika baş verib.

Pendarovski və Siljanovska-Davkova-nın seçki yarışında Qərb strukturlarına inteqrasiya, çabalayan iqtisadiyyat, 20 faizdən yuxarı işsizlik əsas yer tuturdu.

55 yaşlı Pendarovski keçmiş siyasi elmlər professorudur. O, ötən il Yunanıstanla ölkənin adının dəyişdirilməsi üzrə imzalanmış sazişi dəstəkləyib.

Ölkənin prezidentliyə ilk qadın namizədi olan Siljanovska-Davkova isə universitet professorudur. O, ölkənin adının dəyişdirilməsi sazişinə qarşı çıxırdı.

Yunanıstanla əldə olunmuş razılaşmaya uyğun olaraq, ölkənin adı Şimali Makedoniyaya dəyişdirildi və bununla da Skopyenin NATO və Avropa İttifaqına yolu açılmış oldu.

Avstriyanın Kansleri Sebastian Kurz və Aİ-nin genişlənmə üzrə komissarı Johannes Hahn Pendarovski-ni qələbə münasibətilə təbrik edib.

Avropanın ən yoxsul ölkələrindən olan Şimali Makedoniyada orta aylıq maaş 470 dollardır. Bir çox seçicilər siyasətçilərdən yorulduqlarını, prezident seçkisinin durumu dəyişməyəcəyini deyir.
***

Şimali Makedoniyada prezident seçkisi keçirilir

Mayın 5-də Şimali Makedoniyada prezident seçkisinin ikinci mərhələsi keçirilir.

Prezidentlik uğrunda Stevo Pendarovski və Gordana Siljanovska-Davkova mübarizə aparırlar.

Pendarovski seçkinin birinci mərhələsində 42,8, Davkova isə 42,2 faiz səs toplayıb. Seçkinin birinci mərhələsi aprelin 21-də keçirilmişdi.

Ölkənin azlıqda olan etnik alban əhalisi birinci mərhələdə öz namizədləri Blerim Reka-ya səs vermişdilər-10,6 faiz.

İndi seçinin ikinci mərhələsində demək olar ki, hər şey onların səsindən aslı olacaq. Ölkə əhalisinin 1/4-ni etnik albanlar təşkil edir.

Yox əgər seçkidə 40 faizdən az seçici iştirak etsə, onda seçki baş tutmamış hesab olunacaq.

Şimali Makedoniyada prezident simvolk rol roynasa da onun qanunvericiliyə veto qoymaq kimi bir sıra səlahiyyətləri var.

Baş nazir Zoran Zaev xalqı seşkidə fəallıq göstərəməyə, ölkənin gələcəyinə səs verməyə çağırıb.

O, xəbərdarlıq edib ki, seçkinin ikinci mərhələsi vaxtındanəvvəl parlament seçkisinə apara bilər.

Hazırda Şimali Makedoniyada işsizliyin səviyyəsi 20 faizi ötüb.

Vaxtilə keçmiş Yuqoslaviyaya daxil olan Makedoniya 1991-ci ildə dinc şəkildə ayrılaraq müstəqillik qazandı.

Azadlıq Radiosu