Vətəndaş cəmiyyəti nümayəndələri və siyasi fəallar İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı bəyanat yaydılar

233

Vətəndaş cəmiyyəti təmsilçiləri və bir sıra siyasi fəallar Azərbaycan, Ermənistan və Rusiya dövlət və hökumət başçılarının 10 noyabr 2020-ci ildə imzaladığı sənədlə bağlı bəyanat yayıblar.

Bəyanatda müharibə ərzində mülki əhali və obyektlərə dəyən ziyan, əsirlərə qarşı pis rəftar halları və tərəflərin atəşkəs sənədindən irəli gələn mandatları məsələlərinə toxunulur, beynəlxalq hüququn prinsiplərinə uyğun tənzimləmə vacib buyurulur. Bəyanatı imzalayanlar Ermənistanı da əsirlərə qarşı pis rəftar halları ilə bağlı həqiqi araşdırma aparmağa çağırır.

Sənəddə bildirilir ki, “Rusiya sülhməramlı kontingentin … Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarının tələblərinə uyğun statusu, ölkə ərazisində mövcudluğu üçün razılıq prosedurunun daxili qanunvericiliyin tələblərinə uyğun olub-olmaması, fəaliyyəti dönəmində müxtəlif növ hüquq pozmalarına mütanasib cavabdehliyi aydın deyil.”

Bəyanat eyni zamanda tərəfləri mülki əhalinin təhlükəsizliyi və tranzit yollardan birgə istifadə məsələləri ilə bağlı ictimaiyyəti şəffaf qaydada məlumatlandırmağa çağırır. Məsələn “hazırda Rusiya sülhməramlılarının yerləşdiyi Ağdərə, Xankəndi, Xocalı və Xocavənd rayonlarına azərbaycanlı məcburi köçkünlərin qayıtdıqdan sonra təhlükəsizliyi, həmçinin onların yaşayışı ilə bağlı məsələlər (dil, təhsil, ictimai xidmətlərdən istifadə və.s) ilə bağlı nəzərdə tutulan mexanizmlərin hökumət tərəfindən açıqlanmasını zəruri hesab” edilir.

Bundan başqa işğaldan azad olmuş yerlərin minalardan təmizlənməsi üçün ixtisaslaşmış qurumların ölkəyə dəvət edilməsi o cümlədən ATƏT-in Bakıda ölkə nümayəndəliyinin bərpa olunması, BMT-nin müvafiq mexanizmləri üzrə re-inteqrasiya planının hazırlanması tövsiyə olunur.

Daha ətraflı buradan tanış ola bilərsiniz.