A.Məmmədli: Hakim siyasi elita proporsional seçki sisteminin bərpasında maraqlı deyil

Azərbaycanda parlament majoritar (səslər ayrı-ayrı şəxslərə verilir) sistemin vasitəsi ilə formalaşır. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa namizədlər seçkilərdə fərdi qaydada iştirak etməlidirlər. 2002-ci ildə ölkə Konstitusiyasına əlavələr və dəyişiklik edilənə qədər Azərbaycanda da deputatların 25 faizi – proporsional, qalan 75 faizi isə majoritar sistem ilə seçilib.

Bəs 2020-ci ildə nəzərdə tutulmuş parlament seçkilərinə qədər Azərbaycanda da seçki sisteminə dəyişiklik edilə bilinərmi?

Seçki məsələlər üzrə ekspert Anar Məmmədli hesab edir ki, Azərbaycanda proposional sistemə keçid ola bilər:

“Lakin ölkənin hakim siyasi elitası proporsional seçki sistemin bərpasında maraqlı deyil. Çünki, ölkədə oliqarxların sistemi formalaşıb və hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) ölkənin idarə edilməsində rolu yoxdur. Belə olan şəkildə, əgər partiyalar, hətta YAP idarəetmədən uzaqlaşdırılıbsa, ölkə yalnız bir qrup şəxslər tərəfindən idarə olunursa, başqa partiyalarla hesablaşmaq onların marağında olmayacaq.

​A.Məmmədli ölkədə majoritar sistemin özünü doğrutmadığını qeyd edir:

“Mövcüd parlamentin tərkibinə baxsaq, 125 deputatlardan maksimum 80 deputat müzakirələrdə aktiv iştirak edir. Qalanlar isə çağırış boyu ümumiyyətlə bir kəlmə söz demirlər. Bu onun nəticəsidir ki, deputatın üstündə partiya nəzarəti yoxdur. Əgər, bu deputatlar hər hansı partiyanın adından seçilsəydi, partiya maraqları onları məcbur edəcəkdir ki, təşəbbüslə çıxış etsinlər, təklif versinlər…”.

Ekspertin sözlərinə görə, Azərbaycanda da proporsional seçki sisteminə ehtiyyac var:

“Düşünürəm ki, əgər, Azərbaycanda siyasi idarəçilik demoratikləşmək, təkmilləşmək istəyirsə, proporsional seçki sisteminə üstünlük verilməlidir. Bu keçid siyasi partiyalarla, ictimai qurumlarla, vətəndaşlarla müzakirə edilməli və konsensus yolu ilə həll edilməlidir.

Anar Məmmədlinin bu fikirlərinə, hələlik, hakim Yeni Azərbaycan Partiyasından (prezident İlham Əliyev və deputatların yarıdan çoxu bu partiyada təmsil olunur) münasibət almaq mümkün olmayıb. Amma bu vaxta qədər keçirilən müzakirələrdə YAP-da proporsional sistemin bərpasına elə də müsbət yanaşılmayıb. Ayrı-ayrı YAP funksinerlərinin fikrincə, ölkə üçün majoritar sistemin faydası daha çoxdur.

Müstəqil deputat Vahid Əhmədov isə “Turan” agentliyinə bildirib ki, bu siyasi məsələdir və yenidən proporsional sistemə qayıtmasında heç bir problem yoxdur:

“Cəmiyyət necə qərar versə, məsələ elə də həyata keçiriləcək. Amma majoritar sistemin nəyi pisdir ki? Kim istəyir, gedir majoritar qaydada deputat olur. Şəxsən mənim üçün problem yoxdur. Hər iki variant qəbul ediləndir, – deyə Vahid Əhmədov bildirib.

Azərbaycandakı müxalifət qüvvələri isə əsasən ya proporisional, ya da qarışıq sistemi istədiklərini bildirirlər.

 

Qeyd edək ki, Gürcüstanda müxalifətin tələblərindən birinin qəbul olunduğu bildirilir. Söhbət 2020-ci il parlament seçkilərinin tamamilə proporsional sistem (səslər ayrı-ayrı şəxslərə deyil, partiyalara verilir) üzrə keçirilməsinə razılıq verilməsindən gedir. Hazırda, bu ölkədə qarışıq seçki sistemi mövcuddur. Tam proporsional sistemə 2024-cü ildən etibarən keçilməsi nəzərdə tutulmuşdu.