DTİHB Azərbaycanda seçki müşahidə missiyasına başlayır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində öz müşahidəçi missiyasının fəaliyyətə başladığını elan edib.

Dekabrın 29-da Bakıda mətbuat konfransında DTİHB Seçki missiyasının rəhbəri Ouen Mörfi bildirib ki, ATƏT missiyası 8 həftə ərzində seçki kampaniyasının, səsvermənin və seçkilərin yekunlaşdırılması prosesinin monitorinqini aparacaq.

Ouen Mörfi həmçinin qeyd edib ki, missiya 11 nəfərlik əsas heyət və 5 yanvardan etibarən ölkənin digər ərazilərinə təhkim ediləcək 28 uzunmüddətli müşahidəçidən ibarətdir. Bundan əlavə, DTİHB ATƏT-ə üzv ölkələrə Azərbaycanda prezident seçkisi günü müşahidə üçün 280 nəfər qısamüddətli müşahidəçi göndərilməsi ilə bağlı sorğu göndərib.

Missiya seçki qanunvericiliyinin praktikada tətbiqi, seçki administrasiyaları üzvlərinin hazırlanması və təlimi, namizədlərin qeydiyyatı, seçki kampaniyasının gedişi, media mühiti, seçkilərin KİV-də işıqlandırılması, qadınların seçkilərdə iştirakının monitorinqini aparacaq. Aralıq hesabat seçkidən əvvəl açıqlanacaq. Səsvermədən sonrakı gün missiya ilkin hesabatı açıqlayacaq, tövsiyələrin yer aldığı yekun hesabat isə seçkidən bir neçə ay sonra yayılacaq.

“Bizi seçkilərin nəticələri maraqlandırmır, biz seçki prosesini ATƏT standartlarına və beynəlxalq öhdəliklərə uyğunluğu baxımından qiymətləndiririk”, – Ouen əlavə edib.

O xatırladıb ki, bundan əvvəl ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı ehtiyacların qiymətləndirilməsi missiyası öz müşahidələri haqqında hesabat yayıb.