“Parlament seçkilərinə hazırlıq” mövzusunda Vətəndaş Forumu keçirilib

5 avqust 2010-cu ildə Gəncə şəhərində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi “Parlament seçkilərinə hazırlıq” mövzusunda Vətəndaş forumu keçirib. SMDT-nin Gəncə bölgə koordinator köməkçisi Orxan Məmmədov iştirakçıları salamlayıb və forumu açıq elan edib.

SMDT-nin sədri Anar Məmmədli təşkilatın yaranması, inkişaf tarixi və məqsədləri haqqında forum iştirakçılarına məlumat verib. Təşkilat sədri çıxışında həmçinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin əhəmiyyətindən, seçkiqabağı siyasi, hüquqi vəziyyətdən, təşkilat olaraq SMDT-nin parlament seçkilərindən gözləntiləri, seçki qanunvericiliyinə olan dəyişikliklərin seçki prosesinə olan mənfi təsiri barədə məruzə edib.

Forumun  müzakirələr hissəsində “Ümid” Partiyasının Gəncə şəhər təşkilatının sədri Səbuhi Kərimov seçkiqabağı siyasi durumun gərgin olduğunu, regionlarda təzyiqlərin daha kəskin olduğunu, insanların informasiya blokadasında saxlandığını vurğulayıb. “Paytaxtda keçirilən son icazəsiz aksiyaları təqdir edirik, ancaq bu aksiyalardan insanların xəbəri olmur. Müxalifətin imkanları məhdudlaşdırılıb. Hakimiyyət siyasi iradə ortaya qoyub demokratik seçki keçirməlidir. Onda kimin xalq tərəfindən dəstəkləndiyi sübut olunacaq.”deyə – Kərimov əlavə edib.

Müsavat Partiyasının nümayəndəsi Kamal Zeynallı digər regionlarda olduğu kimi Gəncədə də seçkilərin polislər tərəfindən keçirildiyini bildirib: “Mən 2009-cu ildə bələdiyyə seçkilərində namizədliyimi irəli sürəndə mənim evimi 8 polis basdı. Onlar məni polis idarəsinə apardılar və idarədə polis rəisi namizədliyimi geri götürməyimi tələb etdi və dedi ki, get icra başçısı Eldar Əzizovun adına ərizə yaz, namizədliyini geri götür. Həmin vaxtı bu gülməli hadisəni əksər yerli mətbuat işıqlandırdı.”

“Kamil Vətəndaş” İctimai Birliyinin rəhbəri Həsən Hüseynlinin “Parlament seçkisindən yaxşı hal kimi nə gözləyirsiz?” sualını cavablandıran Anar Məmmədli, bir neçə siyasi blokun yaranmasının ümidverici hal olduğunu, bu hadisələrin seçkidə aktivliyin artmasına, siyasi dinamizmin bərpa olunacağına ümid etdiklərini bildirib.

“Kamil Vətəndaş” İctimai Birliyinin koordinatoru Zabil Qəhrəmanov çıxışında bildirib ki, Azərbaycanda seçki mədəniyyəti formalaşmayıb: “İnsanlar seçkilərdə aktiv iştirak etməlidirlər ki, saxtakarlıq ehtimalı azalsın. Hakimiyyət nümayəndələri də belə bir fikir yayırlar ki, guya Azərbaycan xalqı demokratiyaya hazır deyil. Demokratiya etalon deyil, şkaladır. Ona doğru irəliləmək lazımdır, daima inkişafda olmaq lazımdır. Biz Avropa dəyərlərini mənimsəməliyik. Avropa dəyərləri deyəndə ən çox ona müqavimət göstərən bizim kişilərdir.” 

Sonda koordinator bir siyasi prosesə sevindiyini bildirib: “AXCP – Müsavat birliyi yaranması siyasi proseslərə təkan verəcək, cəmiyyətdə hərəkətlənmə baş verəcək. Bu baxımdan bu birliyin yaranması sevindiricidir.” – deyə qeyd edib.

“Gəncəbasar” qəzetinin redaktoru İsmayıl Abbas istər seçkilər dövründə, istərsə də seçkilər olmayan dövrdə hakimiyyətin çox yaxşı politexnoloqlarla işlədiklərini bildirib: “Müxalifət isə köhnə formalardan, texnologiyalardan istifadə edir. Müxalifət yeni texnologiyalar hazırlamalı, istifadə etməlidir. Öz dəyərlərini formalaşdırmalıdır. İlk növbədə beyinlərdə inqilab etmək lazımdır. Vətəndaş cəmiyyəti isə öz dəyərlərini aydınlaşdırmalıdır.”

“Novosti Qandji” qəzetinin jurnalisti Mahir İsayev müstəqillikdən bu yana Azərbaycanda yalnız bir dəfə demokratik seçkilərin keçirildiyini deyib: “İndiyə qədər bütün seçkilərdə müşahidəçi kimi iştirak etmişəm. Amma bütün seçkilər saxtalaşdırılıb. Özbaşınalıq, saxtakarlıq, təzyiqlər. Ədalətli seçkilərin keçirilməsi üçün bir təklifim var. Bütün MSK, DSK, MnSK üzvlərini adlarını bir qutuya salıb püşk atma yolu ilə onları ölkənin müxtəlif DSK-larına, MnSK-larına göndərmək lazımdır. Ancaq bu halda qohumluğun, əvvəlcədən tapşırılmanın qarşısını almaq olar.”

Nəticə olaraq Anar Məmmədli  SMDTnin hər zaman strategiyalarını yeniləməyə çalışdığını bildirib və Joze Pruzodan bir sitat gətirib: “Hərəkatlar hər zaman daimi olmaya bilər, ancaq tendensiya həmişə davam etməlidir. Biz insanlarda maraq yaratmalıyıq ki, onlar proseslərdə yaxından iştirak etsinlər.”
ABŞ Milli Demokratiya İnstitutunun dəstəyi ilə keçirilən forumda 47 nəfər iştirak edib.

SMDT Media və İctimai Əlaqələr Departamenti