Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Cenevredə BMT-nin 44-cü Universal Dövrü İcmalı üzrə konfransda iştirak ediblər

Avqustun 29-da Cenevrədə BMT İnsan Hüquqları Şurasının 44-cü Universal Dövrü İcmalı (UDİ) üzrə konfrans keçirilib. Konfransda dünyanın bir çox ölkələrindən insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri təqdim etdikləri hesabatlarda irəli sürülən tövsiyələri haqda çıxış ediblər.

Tədbirdə bir sıra Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri də iştirak ediblər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli Azərbaycanda toplaşma və assosiasiya azadlığının, həmçinin seçki hüquqlarının vəziyyəti haqda çıxış edib. O, ayrı-seçkilik olmadan sərbəst toplaşmaq hüququnun təmin edilməsinin mahiyyətini vurğulayıb və qorunmasını tövsiyə edib. SMDT UDİ hesabatında Azərbaycanda ictimai proses və seçkilərdə iştiraka dair mühüm məqamlara toxunub. Onun fikrincə, vətəndaş cəmiyyəti qurumlarının hazırladığı hesabatlar və irəli sürdüyü tövsiyyələr BMT-də təmsil olunan demokratik ölkələrin diplomatik korpusları tərəfindən diqqətlə nəzərdən keçrilməli, bu sənədlər Azərbaycan üzrə milli hesbatla paralel şəkildə dəyərləndirilməlidir.

Konfransda iştirak edən digər vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq, siyasi iştirak hüququ, birləşmək azadlığı, gender bərabərliyi, məişət zorakılığı, LGBT+ fərdlərinin təqib olunması, qanunun aliliyi, sosial bərabərlik və əmək hüquqları,  habelə korrupsiya əleyhinə mübarizə ilə bağlı BMT-yə təqdim etdikləri hesabatlarla bağlı tövsiyyələrdən bəhs ediblər.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl 5 il öncə UDİ çərçivəsində dövlətin korrupsiyaya qarşı mübarizə sahəsində üzərinə götürdüyü öhdəliklərin icra etmədiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti korrupsiyaya qarşı Fəaliyyət Planının qəbul etməli və idarəçilikdə şəffaflıq və aşkarlıq prinsiplərinin əsas götürülməsi yönündə çalışmalıdır.

Access Now təşkilatının texnoloji hüquq məsləhətçisi Natalia Krapiva Azərbaycanda media hüquqlarının vəziyyəti haqda çıxışında media nəzarətinə son qoyulmasını və bu kimi halların effektiv araşdırılmasına başlamağı tövsiyə edib.

Queerdian-ın sədri Leyla Həsənova Azərbaycan hökumətinin İstanbul Konvensiyasına qoşulmağının vacibliyini LGBTIQ+ fərdlərinin nifrət cinayətlərinə qurban getməsi və ayrıseçkiliyə məruz qalması haqda çıxış edərək vurğulayıb.

Ayna Təşəbbüs qrupunun təmsilçisi Vəfa Rüstəm isə qadınlara qarşı cinsi zorakılıq hallarının ötən 5 ildə artmasından bəhs edərək, bu hallara qarşı mübarizədə dövlətin üzərinə götürdüyü öhdəliklərin icrası yönüdə səylərin zəif olduğunu bildirib. Onun fikrincə, cinsi zorakılıq qurbanlarının müdafiəsi yönündə sığınacaqların çoxalması, hüquqi müdafiə tədbirlərinin artırılması vacibdir.