Azərbaycanda insan hüquqlarının vəziyyəti BMT İnsan Hüquqları Şurasının növbəti sessiyasında dəyərləndiriləcək

Müstəqil vətəndaş cəmiyyəti təşkilatları bu ilin noyabrında Cenevrədə keçiriləcək sessiyadan gözləntilərini müzakirə ediblər

İyulun 7-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi BMT İnsan Hüquqları Şurasının 44-cü Universal Dövri Icmal (UDİ) prosesinə Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının hesabatları barədə ictimaiyyətin, o cümlədən ölkədə fəaliyyət göstərən diplomatik korpusların məlumatlandırılması məqsədilə İctimai Forum təşkil edib.

Tədbirdə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçiləri, hüquq müdafiəçiləri və xarici səfirlik nümayəndələri iştirak ediblər.  Vətəndaş cəmiyyəti təmsilçiləri UDİ-yə təqdim olunan hesabatlarda irəli sürülən tövsiyyələrin məqsədlərini açıqlayıblar.

SMDT sədri Anar Məmmədli Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair 2018-ci ildə keçirilən sonuncu UDİ çərçivəsində irəli sürülən tövsiyyələr və onların mahiyyəti ilə bağlı məlumat verib. Onun sözlərinə görə, BMT-də təmsil olunan 105 dövlətin təmsilçisi 2018-ci ildə aparılan müzakirələr zamanı 200-dən artıq məsələ ilə bağlı rəy bildirərək, Azıərbaycanda insan hüquqlarının durumuna dair ölkədə görülən işləri sorğulayıblar: “Əfsuslar olsun ki, Azərbaycan hakimiyyətinin üzərinə götürdüyü 150-dən artıq öhdəliklə bağlı ötən illər ərzində insan hüquqları sahəsində islahatlar baş verməyib, əskinə ölkədə insan hüquqlarının müdafiəsi üzrə böhran daha da dərinləşib.”

Məmmədli qeyd edib ki, Azərbaycan hakimiyyəti bu ilin noyabr ayınadək BMT İnsan Hüquqları Şurasına ölkədə insan hüquqlarının durumuna dair milli hesabat təqdim  edəcək. “Bu hesabata alternativ olaraq, bu ilin ötən 6 ayı ərzində xeyli sayda yerli vətəndaş cəmiyyəti fəalı müzakirələr keçirərək, müxtəlif sahələr üzrə UDİ qaydalarına uyğun hesabatlar hazırlayaraq, BMT-yə təqdim ediblər”. Onun fikrincə, vətəndaş cəmiyyəti qurumlarının hazırladığı hesabatlar və irəli sürdüyü tövsiyyələr BMT-də təmsil olunan demokratik ölkələrin diplomatik korpusları tərəfindən diqqətlə nəzərdən keçrilməli, bu sənədlər Azərbaycan üzrə milli hesbatla paralel şəkildə dəyərləndirilməlidir.

Forumda iştirak edən digər vətəndaş cəmiyyəti təmsilçiləri ölkədə ifadə azadlığı, sərbəst toplaşmaq, siyasi iştirak hüququ, birləşmək azadlığı, gender bərabərliyi, məişət zorakılığı, LGBT+ fərdlərinin təqib olunması, qanunun aliliyi, sosial bərabərlik və əmək hüquqları,  habelə korrupsiya əleyhinə mübarizə ilə bağlı BMT-yə təqdim etdikləri hesabatlarla bağlı tövsiyyələrdən bəhs ediblər.

Müstəqil Hüquqşünaslar Şəbəkəsinin təsisçisi Emin Abbasov qeyd edib ki, 2013-cü ildən başlayaraq, vətəndaşların birləşmək azadlığı, o cümlədən QHT-lərin fəaliyyəti ilə bağlı milli qanunvericliyə edilən mürtəce dəyişikliklərin aradan qaldırılması, habelə məhkəmə-hüquq sistemində islahatlar mövzusu növbəti UDİ sessiyasında nəzərə alınmalıdır.

 

Ayna Təşəbbüs qrupunun təmsilçisi Vəfa Rüstəm qadınlara qarşı cinsi zorakılıq hallarının ötən 5 ildə artmasından bəhs edərək, bu hallara qarşı mübarizədə dövlətin üzərinə götürdüyü öhdəliklərin icrası yönüdə səylərin zəif olduğunu bildirib. Onun fikrincə, cinsi zorakılıq qurbanlarının müdafiəsi yönündə sığınacaqların çoxalması, hüquqi müdafiə tədbirlərinin artırılması vacibdir.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl 5 il öncə UDİ çərçivəsində dövlətin korrupsiyaya qarşı mübarizə sahəsində üzərinə götürdüyü öhdəliklərin icra etmədiyini vurğulayıb. Onun fikrincə, növbəti sessiya zamanı Azərbaycan hakimiyyəti korrupsiyaya qarşı Fəaliyyət Planının qəbul edilməsi, məmurların gəlir bəyannaməsinin açıqlanması, idarəçilikdə şəffaflıq və aşkarlıq prinsiplrəinin əsas götürülməsi yönündə çalışmalıdır.

Queerdian-ın təmsilçisi Səməd Rəhimli LGBTQ fərdlərinə qarşı nifrət nitqləri və qarayaxma kampaniyaları, o cümlədən nifrət zəminində törədilən cinayətlərə qarşı dövlətin islahatlar aparmasını, bu qruplara mənsub şəxslərin hüquqlarının müdafiəsi üçün milli qanunvericiliyin təkmilləşdirlməsini zəruri sayıb.

Vətəndaş Hüquqları İnstitutunun təmsilçisi Ülkər Həmidli ölkədə minimum yaşayış standartlarının artırılması, əmək haqları və sosial müvanətlərin hesablanması qaydalarının təkmilləşməsi ilə bağlı tövsiyyələrini açıqlayaraq, bu sahədə dövlətin yeni hüquqi normativ aktlar qəbul etməsini zəruri sayıb.