Bəzi valideynlərə seçkiyə getmək tapşırığı verildiyi bildirilir

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə bəzi seçicilərin könülsüz cəlb edilməsinə təşəbbüslər göstərildiyi deyilir.

Bu barədə “Turan” agentliyi-nə Bakıda yerləşən bir neçə məktəbin şagirdlərinin valideynləri danışıb.

İddiaya görə, paytaxtın Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin sinif rəhbərləri şagirdlərin valideynlərinə seçki günü məktəbə gəlməyin vacib olduğunu deyiblər:

“Yoldaşıma deyilib ki, seçkilərdə iştirak etmək üçün gəlsin və özü ilə şəxsiyyət vəsiqəsini gətirsin. Deyiblər ki, bütün valideynlər gəlsin və gəlib gəlmədiklərinə nəzarət ediləcək. Bunun seçkilərin aktivliyi üçün lazım olduğunu bildiriblər”, deyə adının çəkilməsini istəməyən bir valideyn söyləyib.

Agentliyin xəbərəinə görə, bu deyilənləri 84 nömrəli tam orta məktəbdən onlara təkzib ediblər.

“Belə bir şey ola bilməz. Kim harada qeydiyyatdadırsa, gedib səs verəcək. Bizim məktəbdə bu baş verə bilməz”, – deyə agentliyin məlumatına görə, məktəbdən bildirilib.

Amma eyni sözlərin Mərdəkan qəsəbəsində yerləşən 123 saylı tam orta məktəbdə oxuyanların bəzi valdieynlərinə də söyləndiyi iddia edilir.

Bundan başqa 96 saylı körpələr evi-uşaq bağçasında da valideynlərə seçki günü şəxsiyyət vəsiqəsilə bağçaya gəlmələrinin tapşırıldığı söylənir.

“Bizə deyilib ki, şəxsiyyət vəsiqələrini götürək, gələk bağçaya. Ordan isə gedib səs verəcəyik”, – deyə valideynlərdən biri vurğulayıb.

Agentliyin xəbərinə görə, sözü gedən məktəb və uşaq bağçasından da valideynləri seçkilərə cəlb etməklə bağlı tapşırıq verilməsini təkzib ediblər.