MSK bələdiyyə seçkilərinin müşahidəsi üçün 15 ölkəyə dəvət göndərib

“Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin iştirakı üçün bir neçə ölkəyə dəvət göndərib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, adətən, bələdiyyə seçkilərində müşahidəçilər Prezident və parlament seçkilərinə nisbətən o qədər də çox olmur: “Amma Mərkəzi Seçki Komissiyası Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərmişik. Çünki adətən bələdiyyə seçkilərinə müşahidə aparırlar. Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır. Bundan əlavə, 15 müxtəlif ölkənin MSK-sına da dəvətlər göndərmişik. Həmçinin, Seçki Məcəlləsinin tələblərinə görə, Qeyri-Hökumət təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr, onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq”.