MSK tam formalaşdırılır

Oktyabrın 6-da Milli Məclisin azlıq partiyalarının təmsilçiləri və bitərəf deputatların ümumi toplantısı keçirilib. “Media forum” saytına danışan Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin sözlərinə görə, toplantıda Mərkəzi Seçki Komissiyasının tam formalaşdırılması məsələsi müzakirə olunub: “MSK-nın bir üzvü Milli Məclisin azlıqda olan partiyaları ilə bitərəf deputatlar arasında razılaşdırılmalıdır.” Toplantıda bitərəf deputatların qrup rəhbəri, vitse-spiker Valeh Ələsgərov MSK-ya nümayəndə təqdim etdi. Bu, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin böyük məsləhətçisi Arifə Muxtarovadır. Parlamentdə azlıqda olan partiyalar da Arifə Muxtarovanın MSK-ya üzv təyin olunmasına etiraz etmədilər

İqbal Ağazadə deyib ki, Müsavat Partiyasından Gülağa Aslanlının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından isə Mikayıl Rəhimovun MSK üzvlüyünə namizədliyi keçib. Milli Məclisin oktyabrın 8-də keçiriləcək iclasında Arifə Muxtarova, Gülağa Aslanlı və Mikayıl Rəhimovun MSK-ya üzv təyin olunması müzakirəyə çıxarılacaq.

Seçki Məcəlləsinin 24-cü maddəsinə görə, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. MSK üzvlərini Milli Məclis seçir. Qurumun 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.