Müşahidəçilər dairə seçki komissiyalarının yaratdıqları maneələrdən danışırlar

Bələdiyyə seçkilərində uzunmüddətli müşahidəçilər paytaxtda və rayonlarda dairə seçki komissiyalarının yaratdıqları problemlərdən danışıblar. Əsasən onlara “təxribatçı” deyib qovurlar və qeydiyyata almaqdan imtina edirlər.

“34 saylı Xətai ikinci seçki dairə komissiyasında mənə “jurnalist, təxribatçı” deyib, qovdular”, – müşahidəçi Nihad Hüseyn deyib. MSK-nın onu uzunmüddətli müşahidəçi kimi qeydiyyata almasına baxmayaraq, bu problem yaranıb.

“MSK-da qeydiyyata alındıqdan sonra 34 saylı Xətai ikinci seçki dairə komissiyasına getdim. Otağa girəndə gördüm ki, komissiyanın üzvləri nərd oynayırlar. Bildirdim ki, müşahidəçi olmaq istəyirəm. Məni sədrin otağına apardılar. Otaqda olan şəxs mənə kobud tərzdə “seçki günü gəlib müşahidəçi olarsan. Səni bura kim göndərdi? Sən jurnalistsən, təxribatçısan, çıx get burdan” deyərək məni binadan uzaqlaşdırdı”, -. Hüseyn bildirib.

Lakin həmin seçki dairə komissiyasının sədri Rafael Mehdiyev müşahidəçinin sözlərini təkzib edib.

Digər müşahidəçi qrupu 115 saylı Şəki kənd ikinci seçki dairə komissiyasından şikayətçidir. Belə ki, onları ancaq bir məntəqə üzrə qeydiyyata alıblar.

101 saylı Göygöl-Daşkəsən seçki dairə komissiyasında isə müşahidəçini həmin ərazidə yaşamadığına görə qeydiyyata almaqdan imtina ediblər.

Həmin seçki komissiyalarında Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, sənədləri qaydasında olan bütün vətəndaşlar maneəsiz qeydiyyatdan keçə bilər.

Öz növbəsində Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli Turan-a bildirib ki, seçkiləri müşahidə etmək istəyən şəxslər dairə seçki komissiyalarına müraciət edib həmin dairə üzrə bütün məntəqələrdə müşahidəçilik edə bilərlər.

“Həmin şəxsləri konkret məntəqəyə yazmaq düzgün deyil. Bu və digər məsələlərlə bağlı problem olan halda vətəndaşlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər”, – o bildirib.