Pandemiya dönəmində amnistiya aktının qəbulu ilə bağlı imzatoplama kampaniyası başladılıb

Azərbaycan Respublikası vətəndaş cəmiyyəti təmsilçiləri, hüquq müdafiəçiləri, vəkillər, siyasi fəallar, müxtəlif qurumlarda çalışan vətəndaşlar tərəfindən Covid-19 pandemiyası dönəmində amnistiya aktının qəbulu və əfv sərəncamının verilməsi ilə bağlı imzatoplama kampaniyası başladılıb.

Ölkə başçısı İlham Əliyevə müraciətdə bildirilir: “Sosial-iqtisadi və humanitar fəlakət sayılan belə bir çətin dövrdə ölkəmizdə həssas qrupların müdafiəsi xüsusi önəm kəsb edir. Bu baxımdan COVİD-19 pandemiyasının yaratdığı tibbi böhran durumu istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər. Mövcud ağır şərait cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin həyati təhlükəsizliyi və sağlamlıq hüququnun qorunması üçün amnistiya aktının qəbul edilməsini müstəsna zərurət kimi önə çəkir. Bu tədbir həmçinin ona görə aktualdır ki, penitensiar müəssisələrin əksəriyyətində nəzərdə tutulmuş normadan əhəmiyyətli dərəcədə artıq sayda məhbus saxlanılır və bu, onların saxlanma şəraitini xeyli pisləşdirir. Nəticədə azadlıqdan məhrumetmə cəzası bir sıra hallarda insan ləyaqətini alçaldan, hətta bəzən qəddar cəzaya çevrilir. Bununla da Azərbaycan Respublikasının üzərinə götürmüş olduğu beynəlxalq-hüquqi öhdəliklər pozulur. Bundan başqa, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində məhbuslara verilən qida məhsullarının əsasən keyfiyyətsiz olması da orda saxlanılan insanların immunitetinə mənfi təsir göstərir. Bütün ölkələrin ehtiyatlandığı başqa bir məqam odur ki, penitensiar müəssisələrdə kiminsə COVİD-19 virusuna yoluxacağı təqdirdə xəstəliyin zəncirvari olaraq yayılmasının qarşısını almaq olduqca çətindir və fəsadları ağır ola bilər.

Bütün bunları nəzərə alaraq, biz COVİD-19 pandemiyası dönəmində insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin prioritet məsələsinə çevrilməsini zəruri sayır və amnistiya aktının qəbul edilməsini arzulayır, həmin sənədin ilk növbədə aşağıdakı kateqoriyaları əhatə etməsini xahiş edirik:

Böyük ictimai təhlükə törətməyən cinayətlərə görə təqsirləndirilən və ya məhkum edilmiş şəxslər;

Azadlıqdan məhrumetmə cəzasından fərqli cəza çəkən (müəyyən istisnalarla) şəxslər;

Azadlıqdan şərti olaraq 3 ilə qədər müddətə məhrum edilən şəxslər;

Az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi iki ildən artıq olmayan və cəzasının azı yarısını çəkmiş şəxslər;

Qadınlar, yetkinlik yaşına çatmayanlar, müharibə veteranları və yaşı 60-dan yuxarı olan şəxslər.

Bundan başqa, hesab edirik ki, hazırki vəziyyətdə bəzi məhbusların azad edilməsi haqqında əfv sərəncamının verilməsi həm dövlətin beynəlxalq imicinin yaxşılaşdırılması, həm də penitensiar müəssisələrdəki vəziyyətin sabitləşdirilməsinə xidmət etmiş olar. Bunu nəzərə alaraq təklif edirik ki, əfv olunacaq məhbuslar sırasına yerli hüquq müdafiəçilərinin rəyləri və Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə siyasi motivlərlə həbs olunmuş sayılan şəxslər də salınsın.

Ümid edirik ki, sadalanan tədbirlər, eləcə də yeni Baş Prokurorun həbs qətimkan tədbiri ilə bağlı vəsatət/təqdimatların sayının minimuma endirilməsinə dair göstərişləri COVİD-19 pandemiyası dönəmində vətəndaş-dövlət münasibətlərində qarşılıqlı etimadın yaranması, pandemiyanın daha ağır fəsadlarından yayınmaq və ölkədə humanizm dəyərlərinin müdafiəsi baxımından önəmli hüquqi-siyasi hadisə olacaq.”

Kampaniyanı imzalamaq üçün linkə daxil olun.