SMDT 2023-ci ildə siyasi motivli həbslərə dair illik Fakt-Xülasə paylaşıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda siyasi hüquqların pozulması hallarına dair alternativ və açıq mənbələrdən toplanmış, habelə hüquq müdafiə təşkilatları və ictimai-siyasi təşkilatların yaydığı məlumatlar əsasında fakt-xülasə hazırlayıb.

SMDT təəssüflə bildirir ki, Azərbaycanda mülki və siyasi hüquqlarının müdafiəsi sahəsində illərdir davam edən siyasi böhran 2023-cü ildə daha da dərinləşib.

2023-cü il ərzində siyasi motivlərlə təqiblərə məruz qalan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması halları artıb. Cinayət məsuliyyətinə cəlb olunan şəxslərin əksər hissəsi ənənəvi olaraq, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub.

İl ərzində, həmçinin siyasi motivli inzibati həbs hallarının sayı artıb. İnzibati qaydada həbslərlə bağlı geniş tətbiq olunan ittiham İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi, 535-ci (polisin qanuni əmrinə tabe olmama) və 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddələri olub.

SMDT siyasi təqiblərə və həbslərə məruz qalan şəxslərin əsasən ictimai fəallar, sosial media istifadəçiləri, jurnalistlər, siyasi partiya və hərəkatların təmsilçiləri, o cümlədən dini icma fəalları olduğunu təsnif edib.

Hesabatla ətraflı buradan tanış ola bilərsiniz.