SMDT Bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqladı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda 23 dekabr 2019-cu il bələdiyyə seçkilərini uzunmüddətli qaydada seçkilərin bütün mərhələlərini – namizədlərin irəli sürülməsi,seçkiqabağı təşviqat, seçki günü səsvermə və səslərin sayılması prosesləri üzrə müşahidə edib.

SMDT uzunmüddətli müşahidəni 17 nəfər, seçki günü isə müşahidəni 125 nəfər müstəqil müşahidəçi ilə əməkdaşlıq şəraitində həyata keçirib. Seçki günü müşahidəçilər 118 seçki dairəsi üzrə milli təmsilçilik əsasında təsadüfi yolla seçilmiş 125 seçki məntəqəsində Statistikaya Əsaslanmış Müşahidə aparıblar. Qeyd edək ki, işğal altında olan rayonları əhatə edən 7 dairədə bələdiyyə seçkiləri keçirilmədiyi üçün SMDT bu dairələrdəki məntəqələri təsadüfi seçimə daxil etməyib.

SMDT namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə bəzi seçki dairələrində inzibati resurslardan istifadə hallarını, həmçinin bəzi şəxslərin namizədliyinin tutarlı əsaslar göstərilmədən qeydə alınmadığını müşahidə edib.

SMDT seçkiqabağı təşviqat dövründə bəzi namizədlərə və müşahidəçilərə qarşı yerli icra hakimiyyətləri orqanları, DSK və MnSK üzvləri, o cümlədən bələdiyyə əməkdaşlarının təzyiq
hallarını qeydə alıb. Namizədlərin təşviqat materialları bəzi seçki məntəqələri ərazisində məhv edilsə də, bununla bağlı araşdırmalar aparılmayıb. Ümumilikdə, seçkiqabağı təşviqat mərhələsində passivlik və rəqabətsiz mühit müşahidə olunub.

SMDT-nin 23 dekabr 2019-cu il bələdiyyə seçkilərinin bütün mərhələləri üzrə müşahidələrinin ilkin nəticələri göstərir ki, bələdiyyə seçkiləri siyasi azadlıqların kəskin məhdudlaşdırılması, bərabər və həqiqi rəqabət imkanlarının çatışmazlığı, səsvermə və səslərin sayılması qaydalarının kütləvi şəkildə pozulması şəraitində keçirilib. Bununla da bələdiyyə seçkiləri alternativ seçim şəraitinin olmaması, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilərək Azərbaycan vətəndaşlarının gerçək və azad iradəsini ifadə etməyib.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.