SMDT sədri Milli Məclisə məktub göndərib

Mayın 26-da, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin təqdim olunması barədə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova məktub ünvanlayıb.

Məktubda “Siyasi partiyalar haqqında” mövcud qanunun ölkə Konstitusiyasından öncə qəbul edildiyini və təkmilləşdirilməyə ehtiyac olduğunu qeyd edən A.Məmmədli yeni qanun layihəsinin Azərbaycanda siyasi plüralizm və siyasi fəaliyyət imkanlarının inkişafına  töhfələr verəcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı təşkilat sədri qeyd edib ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi, dövlət televiziyasında məhdudiyyətsiz efir vaxtı ilə təmin edilməsi və maneəsiz fəaliyyət imkanlarına malik olması yeni qanunda nəzərdə tutulmalı və qanun lahiyəsinin hazırlanmasında yerli və beynəlxalq təşkilatların rəyinin öyrənilməsi vacibdir.

A.Məmmədli siyasi partiyaların fəaliyyəti ilə bağlı demokratik mexanizmlərin formalaşmasında Avropa Şurası Venesiya Komissiyasının təcrübəsini yüksək qiymətləndirib və Azərbaycan hökumətinin bu qurumla əməkdaşlığını vacib sayıb: “Siyasi partiyalar haqqında” qanun layihəsi Avropa Şurası Venesiya Komissiyasının rəyi nəzərə alınmaqla hazırlana və bununla da Avropa ölkələrinin mükəmməl təcrübəsindən istifadə oluna bilər. Yeni müstəqillik əldə etmiş bir sıra ölkələr, o cümlədən Ukrayna, Gürcüstan, Moldovada siyasi partiyalarla bağlı qanunlara dəyişikliklər edilərkən Avropa Şurası Venesiya Komissiyasının rəyi öyrənilib”.

Xatırladaq ki, mayın 20-də, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli Parlamentin payız sessiyasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarıla biləcəyini bildirib.

SMDT Media və İctimai Əlaqələr Departamenti