Yerli seçki müşahidəçiliyinin əhəmiyyətinə dair seminar keçirilib

SMDT növbəti iki il üçün seçkilərə hazırlıqla bağlı hədəflərini açıqlayıb

İyulun 24-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) “Yerli seçki müşahidəçiliyin hədəfləri və metodoloji təkmilləşməsi” mövzusunda seminar təşkil edib. Seminarın məqsədi növbəti seçkilər ərəfəsində SMDT-nin hədəfləri barədə əməkdaşlıq etdiyi ictimai quurmları və vətəndaş cəmiyyəti fəallarını məlumatlandırmaq, habelə yerli seçki müşahidəçiliyin təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparmaq olub.

SMDT sədri Anar Məmmədli bildirib ki, hazırda təşkilatın hədəfləri arasında yalnız seçki müşahidəçiliyinə hazırlıq deyil, həmçinin seçkilər arası dövrdə siyasi azadlıqların müdafiəsi durur: “Ölkədə ifadə azadlığı, siyasi plüralizm və sərbəst toplaşmaq azadlığı üzrə vəziyyətin monitorinqi, siyasi mühitin demokratikləşməsinə çalışmadan seçki müşahidəçiliyinə hazırlaşmaq yetərli deyil”. Bu baxımdan o SMDT-nin 2023-2025-ci illər üçün seçki prosesinin demokratikləşməsi və şəffalığın təmin olunması sahəsində aşağıdakı hədəflərinin olduğunu bildirib:

  • Azərbaycanda keçrilmiş seçkilər üzrə beynəlxalq müşahidə missiyalarının tövsiyyələrinin icrası, o cümlədən yerli seçki müşahdiəçiliyi üzrə hüquqi-siyasi məhdudiyyətlərin aradan qaldırılması üçün ictimai vəkillik işinin təşkili;
  • Yerli seçki müşahidəçiliyinin qadınlar və gənclər arasında təbliği;
  • SMDT-nin seçki müşahidəçiliyi üzrə könüllülərin məlumat bazası, Fəaliyyət Planı, Davranış Kodeksi və tədris materiallarının yenilənməsi;
  • SMDT-nin seçki müşahidəçiliyi üzrə ekspert qrupuna yeni şəxslərin cəlb olunması, onların bacarıqlarının artırılması;

Seminar iştirakçıları ölkənin müxtəlif bölgələri və vətəndaş qrupları arasında yerli seçki müşahidəçiliyi üzrə şəbəkə quruculuğu və vətəndaşların könüllü seçki müşahidəçiliyinə cəlb edilməsi yönündə təkliflərini bölüşüblər.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı hesab edir ki, seçki sahəsinə qısa müddətdə töhfə vermək mümkün deyil və yerli seçki müşahidəçiliyi uzunmüddətli hazırlıq tələb edir: “Hazırda siyasi mühit vətəndaş cəmiyyəti qurumlarının azad fəaliyyətinə imkan yaratmadığı üçün əhalinin seçki prossesinə və siyasi iştirakçılığa həvəsi ciddi şəkildə azalıb”

Hüquq Platforması Təşəbbüs Qrupunun rəhbəri Samir Kazımlı beynəlxalq təşkilatların gündəliyində seçki mövzusunun geri planda olmasına görə narahatlığını ifadə edib. Onun fikrincə Azərbaycanın azad və ədalətli seçkilərlə bağlı beynəlxalq öhdəliklərinin icrasına diqqəti artırmaq zəruridir.

NİDA Vətəndaş Hərəkatının təmsilçisi Araz Əliyev qeyd edib ki, siyasi partiyalar və vətəndaş cəmiyyəti qrupları seçkiyə xeyli öncədən hazırlaşmalı və ictimai maarifləndirilmə işi daimi səciyyə daşımalıdır.

İşçi Masası Təşəbbüs qrupunun təmsilçisi Afiəddin Məmmədov seçkidə qadınların və gənclərin iştirakını vacib sayaraq, siyasi partiyaların bu sahədə əməkdaşlıq etməsini, seçici fəallığı və seçkilərin monitorinqinə ayrıca hazırlaşmasını vacib sayıb.