Azərbaycanda İnsan Hüquqlarının vəziyyətinə dair Fakt-Xülasə – 2020

Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində illərdir davam edən sistematik problemlər 2020-ci ildə də həllini tapmayıb. Əksinə dünyanı bürüyən və Azərbaycana da təsir göstərən COVİD-19 pandemiyası zamanı bir sıra siyasi və sosial-iqtisadi hüquqlar, xüsusilə hədə altında olub.  SMDT bu il boyunca 705 fakt əsasında 1162 insan hüquqları pozuntu halı müşahidə edib. Ötən illərdən fərqlənməyərək, ədalətli məhkəmə araşdırılması hüququ və sosial təminat hüququ ən çox pozulmuş hüquqlar arasında olub. 1162 pozuntunun isə 567-i mülki və siyasi hüquqların, 595-i isə sosial və iqtisadi hüquqların payına düşüb.

İl növbədənkənar parlament seçkiləri ilə start götürüb və seçki prosesi və seçki günündə baş tutan ənənəvi seçki pozuntuları və seçki sonrası təzyiqlərlə müşahidə olunub. Fevral ayının sonlarından isə ölkədə yeni COVİD-19 pandemiyası ilə bağlı karantin tədbirləri start götürülüb və ilin sonuna qədər fasilələrlə davam edib. Çoxsaylı tədbirlər nəticəsində, legitim olaraq vətəndaşların bir sıra hüquqları məhdudlaşdırılıb, bizneslər uzun müddət qapadılıb. İlin 105 günü vətəndaşlar küçəyə yalnız SMS icazə vasitəsilə çıxa biliblər. Ancaq pandemiya dövrü legitim məhdudiyyətlərlə yanaşı, səlahiyyətli qurumların karantin qaydalarından sui-istifadəsi və 50-dən çox hökumət tənqidçisi və aktivistin siyasi motivlə cəzalandırılması ilə müşaiyət olunub.

Siyasi məhbusların sayı il boyunca 100 nəfər ətrafında qalmağa davam edib. Bir sıra amnistiya və əfvlərlə, cəzasını tamamlamış siyasi məhbusların azadlığa çıxması ilə bu rəqəm dəyişsə də, siyasi motivli həbslər səngimədiyi üçün yeni şəxslərin işi siyasi məhbusların vahid siyahısı üzrə işçi qrupu tərəfindən monitorinqə götürülüb. 2020-ci ilin sonlarına doğru bu rəqəm 95 ətrafında qərarlaşıb.

Hesabatla ətraflı buradan tanış ola bilərsiz.