Moldovada hakim Demokratik Partiya (PDM) bildirib ki, baş nazir Pavel Filipin hökuməti istefa verir. Beləliklə ölkədə ikinci bir hökumət koalisiyası ilə yaranmış qarşıdurmaya son qoyulub.

PDM-in vise-presidenti Vladimir Cebotari iyunun 14-də Kişinyovda keçirilən mətbuat konfransında deyib ki, onun partiyası və Sosialist Partiyası ilə ACUM avropayönlü blokunun koalisiyası ilə bir həftədir davam edən qarşıdurma başa çatıb.

Cebotari bildirib ki, bu qərar “zorakılıqla nəticələnə biləcək eskalasiyaya” son qoyulması niyyəti ilə qəbul edilib.

Ötən fevralda keçirilmiş parlament seçkisində heç bir partiya səs çoxluğu qazana bilməmiş və nəticədə qərarlar qəbul edə bilməyən parlament yaranmışdı.

Mövcud olan qaydalara görə bu halda hökumətdən üç ay müddətində təkrar seçki keçirmək tələb olunur.

Lakin iyunun 8-də moskvayönlü prezident Igor Dodonun Sosialist Patiyası ilə ACUM bloku gözlənilmədən yeni bloka daxil olduqlarını bildiriblər.

Parlamentdəki 101 yerdən 61-nə sahib olan yeni alyans bildirmişdi ki, onun məqsədi Filipin hökumətini istefaya vadar etməkdir.

Lakin iyunun 14-də mətbuat konfransı keçirən vise-prezident deyib ki, Moldovada faktiki ikihakimiyyətlik şəraitində PDM hökumətinin istefa verməsi ölkədə yaranmış siyasi böhrana tamamilə son qoymayıb.

Bundan əvvəl iyunun 14 AzadlıqRadiosuna müsahibəsində ACUM-un “baş naziri” Maia Sandu demişdi ki, iyunun 16-da yeni koalisiyaya dəstək yürüşü keçiriləcək.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və NATO Moldovada siyasi qarşıdurmanın hər iki tərəfini təmkinə çağırmışdılar.

Rusiya isə dərhal yeni hökumət koalisiyasını alqışladığını bəyan etmişdi.

Yeni alyansın hökuməti qəbul etməsindən sonra Brüssel hadisəyə təmkinli reaksiya verib. Avropa İttifaqı yeni hökuməti tanımadsa da bildirib ki, “demokratik şəkildə seçilmiş istənilən hökumətlə” işləməyə hazırdır.

Bu arada iyunun 13-də Rusiya prezidenti Vladimir Putin demişdi ki, Kreml prezident Dodona dəstəyini davam etdirəcək.

Putin bunu da iddia etmişdi ki, Moldovoda hakimiyyət strukturlarını oliqarxlar qəsb ediblər.

Onun bu bəyanatında milyarder Plahotniuc-u nəzərdə tutduğu başa düşülürdü.

Bununla belə hələ də Moldovanın separatçı Dnestryanı bölgəsində 1000 əsgər saxlayan Moskvanın yeni koalsiyanı dəstəkləməsi Rusiyanın əsl niyyəti barədə şübhələrin yaranmasına səbəb olub.

 

AZADLIQ RADİOSU