SMDT Siyasi iştirakla bağlı hazırladığı nəşrlərin təqdimatını keçirib

Martın 14-də Azərbaycan Media Mərkəzində layihə çərçivəsində hazırlanmış Şərq Tərəfdaşlığı ölkələrində Siyasi iştiraka dair (Birləşmək və Sərbəst Toplaşmaq Azadlıqları və həmkarlar ittifaqları) qanunların müqayisəli təhlili ilə bağlı sənədin təqdimatı keçirilib. SMDT  sədri Anar Məmmədli sənədin əsasən Şərq Tərəfdaşlığı (ŞT) ölkələri – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada siyasi azadlıqlarla bağlı qüvvədə olan qanunları – həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, sərbəst toplaşmaq azadlığının təmin olunması üzrə hüquqi normalar müqayisəli şəkildə təhlil edilərək 6 ölkənin hər birində hüquqi qaydaların araşdırılması aparılıb. Araşdırma həmçinin sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlı qanunların ŞT ölkələrində fərqli və oxşar cəhətlərinin öyrənilməsi, o cümlədən müvafiq qanunların ATƏT və AŞ-nın rəhbər prinsipləri ilə uyğunluğunun tutuşdurulması yolu ilə aparılıb. SMDT həmçinin aparılan tədqiqatlar nəticəsində Azərbaycan Respublikasında birləşmək və sərbəst toplaşmaq azadlıqlarını tənzimləyən qanunların təkmilləşdirilməsi məqsədilə ən uğurlu təcrübələrin öyrənilməsi və gələcəkdə milli qanunlara əlavə və dəyişikliklər layihəsi şəklində hazırlanaraq ictimaiyyətə təqdim olunmasını nəzərdə tutub. SMDT-nin həyata keçirdiyi müqayisəli təhlil yerli və 6 ŞT ölkəsindən olan xarici eskpertlərlə əməkdaşlıq şəraitində baş tutub.

A. Məmmədli qeyd edib ki, bu sənəd təkcə Azərbaycan deyil, həm də 5 Şərq tərəfdaşlığı ölkəsinin adıçəkilən mövzularla əlaqədar müqayisəli analizini əks etdirir.  QHT-lərin qeydiyyat məsələsi haqqında məlumat verən Məmmədli deyib ki, bu məsələ ilə bağlı Gürcüstanda vəziyyət daha yaxşıdır. Belə ki, Azərbaycan, Belarus və Moldovada 1 aya, Ermənistanda və Ukraynada 60 günə, Gürcüstanda isə cəmi 1 günə Ədliyyə Nazirliyi müvafiq QHT-ni qeydiyyata almalıdır.   QHT-lərin qeydiyyatının ləğv edilməsi ilə bağlı Anar Məmmədli bildirib ki, Azərbaycanda QHT-lər qanun pozuntusuna yol verdikdə Ədliyyə Nazirliyi tərəfindən xəbərdarlıq alır və 2 dəfədən çox xəbərdarlıq edilməsi həmin QHT-nin qeydiyyatının ləğvi üçün əsasdır. Lakin digər Şərq tərəfdaşlığı ölkələrində pozuntuların müəyyən edilməsi və QHT-lərin qeydiyyatının ləğv edilməsi yalnız məhkəmənin səlahiyyətindədir. Şərq tərəfdaşlığı ölkələrində sərbəst toplaşma azadlığının vəziyyəti barədə məlumat verən Məmmədli qeyd edib ki, hər hansı yığıncaq və ya toplantıların keçirilməsi, yerin müəyyən olunması əsasən icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Lakin  Moldova və Ukrayna qanunvericiliyində  sərbəst toplaşma azadlığını yalnız məhkəmə məhdudlaşdıra bilər. Siyasi partiyaların yaradılması ilə bağlı isə Anar Məmmədli bildirdi ki, siyasi partiya yaratmaq üçün ilkin üzvlər- təsisçilər kimi nəzərdə tutulan rəqəm Gürcüstanda 300, Azərbaycan və Belarusda 1000, Moldovada 4000, Ukraynada isə 10000 nəfərdir. Anar Məmmədli umumilikdə 6 şərq tərəfdaşlığı ölkələri içərisində ən pis vəziyyətin Azərbaycan və Belarusiyada olduğunu qeyd edib.

Layihə çərçivəsində hazırlanan digər “Azərbaycanda Siyasi fəaliyyət imkanlarının təmin olunması üzrə milli qanunvericilik və təcrübənin təkmilləşdirilməsi” sənədi haqqında isə SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı sənədin sərbəst toplaşma haqqında qanunun praktikada tətbiqi ilə bağlı durum, eləcə də Bakıda və bölgələrdə ictimai fəalllar arasında siyasi fəaliyyət imkanları və bacarıqların qiymətləndirilməsi məqsədilə  keçirilən sorğunun nəticələrini əks etdirdiyini bildirib. Sənəddə əsasən SMDT-nin 2012-ci il ərzində yerli icra hakimiyyətlərinə ünvanlanmış informasiya sorğuları və siyasi fəallar arasında apardığı kiçik rəy sorğusunun nəticələrinə istinad edilib. Süleymanlı 58 icra hakimiyyətinə göndərilən və ictimai təşkilatlar tərəfindən toplantılar, ictimai-kütləvi tədbirlər, müzakirələrin keçirilməsi üçün icra hakimiyyəti tərəfindən yerlərin ayrılmasını öyrənmək məqsədilə göndərilən informasiya sorğusuna yalnız Xaçmaz İcra hakimiyyəti dolğun cavab verib: “20-dən artıq icra hakimiyyəti onlara informasiya sorğusunun çatmadığını bildirib. Ancaq SMDT bu məlumatı dəqiqləşdirmək üçün Azərpoçt MMC-nə müraciət edib. Oradan bildiriblər ki 58 icra hakimiyyətinə göndərilən sorğuların hamısı müvafiq tarix üzrə ünvanlara çatdırılıb, o cümlədən bunu sübut edən poçt qəbzləri var.”

Sənəddə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar və ictimai təşkilatlar tərəfindən siyasi iştirakla (sərbəst toplaşma və siyasi partiyalar haqqında qanun) bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təşəbbüslər də əksini tapıb. Digər bölmədə “Sərbəst toplaşmaq azadlığı haqqında”“Siyasi partiyalar haqqında” qanunların təkmilləşdirilməsi ilə bağlı SMDT-nin hazırladığı qanun layihələrindən bəhs olunur. Bu qanun layihələri Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbər prinsiplərinə istinad edilməklə, hər iki qanunun təkmilləşdirilməsi ilə bağlı əlavə və dəyişiklikləri nəzərdə tutur.