Görünür, qalib gəlinən bələdiyyələrin sayının artmasından çox razı qaldığı üçündür ki,Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli aprelin əvvəlində nə Osmanlı nə də Türkiyə Cümhuriyyəti tarixində görünməmiş bir təklif irəli sürdü :vilayət bələdiyyə sədrləri seçilsin,rayon və qəsəbə bələdiyyələrinin sədrlərini onlar təyin etsinlər.

Onları seçməyə gərək yoxdur. Hamı bilir ki, Devlet Bahçeli bu təklifi iqtidarın böyük ortağı Adalet ve Kalkınma Partiyasının (AKP) mövqeyini öyrənmədən heç vaxt gündəmə gətirməz.Və ya (çox vaxt olduğu kimi),əslində ideya AKP-nindir ancaq Bahçelinin əliylə ictimaiyyətin gündəminə gətirilir.

Devlet Bahçelinin bu təklifi seçkinin İstanbuldakı nəticələri ətrafında iqtidar partiyasının qopardığı qiyamətin gur sədaları arasında indilik itib-batdı.Hətta MHP lideri bir neçə gün əvvəl ölkə miqyasında aldıqları səsə deyil,irili-xırdalı bələdiyyələrin sayına istinad edərək partiyasının reytinqinin 7.25%(Yüksək Seçki Şurasının rəsmi rəqəm) deyil,18.81% olduğunu iddia etdi.İstanbuldakı bələdiyyə seçkisinin yenidən keçirilməsi üçün AKP-dən daha çox təkid edən Bahçeli bazar günü sürətini artıraraq “İmamoğludan bələdiyyə sədri olmaz”- sözləriylə “planka”nı zirvəyə yüksəltdi.Ancaq onun iddia və təkliflərinin arasında diqqəti ən çox “Vilayət bələdiyyələrinin sədrləri seçilsin,rayon və qəsəbə bələdiyyələrinin sədrlərini onlar təyin etsin” – sözləri cəlb edir.Çünki bu, Türkiyə demokratiyasına vurula biləcək ən ağır zərbələrdən biridir.Zira istənilən ölkədə diktatura qurmaq istənilirsə, orada bələdiyyələrin fəaliyyət sahəsini daraltmaq,onları seçkili orqanlar olmaqdan çıxarmaq ən optimal yoldur.

AKP-dən və prezident Erdoğandan gələn göstərişlə MHP lideri tərəfindən bu təklif niyə gündəmə gətirildi?Axı təkpartiyalı sistemlərdə belə formallıqlara baxmayaraq,rayon, şəhər və qəsəbə bələdiyyələri ayrı-ayrı qurumlar idi.SSRİ-nin idarə strukturunda da rayon xalq deputatları soveti ilə şəhər-qəsəbə xalq deputatları sovetləri müstəqil qurumlar olduğu kimi, hətta kənd sovetlərinin tərkibləri belə- nə qədər formal olsa da- seçki yoluyla müəyyənləşdirilirdi.Onların hər birinin idarə sahələri və məsuliyyətləri tamamilə ayrı idi.Yəni,təkpartiyalı sistemin qaydaları içində olsa da formallıqlara axıra qədər əməl edilirdi.

Türkiyə 1950-ci ildə çoxpartiyalı sistemə keçib.Parlamentar rejimdə siyasi sistemin əsas sığortası olan məclis seçkilərinin prezident üsuli-idarəsinə keçilməsindən sonra əhəmiyyəti azalıb.Xalq siyasi sistemin əsas sığortası kimi indi yerli özünüidarə orqanlarını görür.Martın 31-də keçirilən seçki bunu təfərrüatlarına qədər nümayiş etdirdi.

Bu çılpaq həqiqətlər hamıya gün kimi aydın ikən MHP lideri Bahçeli niyə “rayon və qəsəbə bələdiyyə sədrlərinin təyin edilməsi” kimi demokratiyaya daban-dabana zidd olan bir məsələni gündəmə gətirmə ehtiyacı hiss etdi? Axı, məsələn, kürd təmayüllü partiyadan seçilən bir bələdiyyə sədri rayon və qəsəbə bələdiyyələrini də özü təyin etsə,o bölgədə AKP-nin və MHP-nin aldıqları səsin nə əhəmiyyəti olacaq?

Devlet Bahçelinin özündən soruşsanız, cavabı məlumdur: separatizmin qabağını alıb ölkənin varlığını qorumaq naminə seçkinin bu şəkildə keçirilməsini istəyir.Yəni, daha sadə dillə ifadə etsək:Bahçelinin və iqtidarın planına görə, məsələn,Diyarbakıra kürd təmayüllü partiyadan bələdiyyə sədri seçilsə də daxili işlər naziri öz səlahiyyətindən istifadə edərək o sədri tez-tələsik vəzifəsindən uzaqlaşdıracaq, yerinə iqtidarın adamını təyin edəcək.Yəni, “təhlükəli bölgələr”də , xalqın seçmə-seçilmə haqqında ipoteka qoyularaq ölkənin birliyi və bütövlüyü təmin ediləcək(Bahçelinin məntiqinə görə)

Bu vəziyyət təkpartiyalı sistemin formallıqlarından da vahiməlidir.Devlet Bahçeli kimi qurd bir siyasətçi necə anlamaz ki, seçilən vilayət bələdiyyə sədrinin rayon və qəsəbə bələdiyyə sədrlərini təyin etməsi ölkənin həssas və kövrək idarə strukturunu daha da zəiflədəcək? Bu vəziyyət, tam təşəkkül tapmamasına rəğmən bölgəyə örnək olan Türkiyə demokratiyasına vurulan ən ağır zərbə olmazmı? Cənab Bahçelinin bu təklifi qanun halına gətirilsə,onda müxalifət partiyasından seçilən İstanbulun və ya Ankaranın bələdiyyə sədrini də ən qısa müddətdə vəzifədən uzaqlaşdırıb iqtidarın adamını təyin etməyə kim mane ola bilər? 31 martdakı seçkidə İstanbulun 39 rayonunun 24-də AKP, 14-də CHP, 1-də isə (tarixində ilk dəfə) MHP qalib gəldi.MHP liderinin məntiqinə görə,qanun dəyişəndən sonra seçiləcək olan İstanbul meri onun partiyasının qalib gəldiyi Silivri rayonuna öz adamını təyin etməlidirmi?

Belə görünür ki, 31 mart seçkisi təkcə islamçı siyasətdə yox, milliyyətçi siyasətdə də tektonik sınmaya səbəb olur.İndi o “sınma”nın içindən keçildiyinə görə, ictimaiyyət çox şeyi bitərəf gözlə analiz edə bilmir.

Xalq ən gec 2 ayda “tektonik sınma”nın ilk nəticələrini hamı görüb analiz edə biləcək.

Və “Seçkinin üstündən 15 gün keçməsinə baxmayaraq, İstanbulun meri mandatı hələ də sahibinə təqdim edilməyibsə, prezident Erdoğan dünyanın ən böyük metropollarından birinin idarəsini də öz üstünə götürə bilərmi?”

Bu sualın MHP lideri Bahçelinin təklifi ilə nə dərəcədə əlaqəsi ola bilər?

 

TURAN