SMDT ictimai rəy sorğusunun nəticələrini açıqlayıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) may-iyun ayları ərzində Azərbaycanın 12 bölgəsində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Quba, Cəlilabad, Göyçay, Sabirabad, Bərdə və Beyləqanda ictimai rəy sorğusu həyata keçirib. Sorğu 125 seçki dairəsi üzrə təsadüfi yolla seçilmiş 150 seçki məntəqəsində 1186 respondent arasında keçirilib. Sorğunun keçirilməsində məqsəd vətəndaşların dövlət idarəçiliyində, seçkili hakimiyyət orqanlarının formalaşması və fəaliyyətində iştirak səviyyəsini öyrənmək, Azərbaycanda ictimai təşəbbüslər üzrə imkanlar və bacarıqların öyrənilməsidir.

SMDT və digər yerli və xarici sorğu təşkilatlarında çalışan ekspertlər sorğunun hazırlanması və təşkili prosesinə cəlb ediliblər. Bu sorğuyadək SMDT iki dəfə (2006 və 2008-ci illərdə) ölkə üzrə ictimai rəy sorğusu keçirib. SMDT-nin təmsilçiləri indiyədək bir sıra beynəlxalq tədbirlərdə sorğuların texniki və məzmunu planlaması üzrə təlimlərdə, o cümlədən bu sorğunun hazırlanması ərəfəsində Avropa Siyasi Tədqiqatlar Konsorsiumu (Essex Universiteti) və Vyana Universitetinin birgə təlimində iştirak ediblər.

SMDT bu sorğunu Demokratik Jurnalistika Məktəbi ilə birgə birgə həyata keçirdiyi “Vətəndaş iştirakı bacarıqları və seçkili hakimiyyəti orqanlarının hesabatlılığın artırılması” layihəsi çərçivəsində həyata keçirib. Layihə Avropa İttifaqı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və ABŞ Milli Demokratiya İnstitutunun maddi-texniki dəstəyi ilə icra olunur.

Sorğunun metodologiyası

Sorğuya cəlb edilən seçki məntəqələri təsadüfi seçim – püşkatma yolu ilə müəyyən edilib. Bu məqsədlə 125 seçki dairəsi üzrə mövcud olan 5175 seçki məntəqəsinin siyahısı (MSK-nın 7 noyabr 2010-cu il parlament seçkiləri üzrə rəsmi statistikası) üzrə kompüter proqramı vasitəsilə püşkatma aparılıb. Müəyyən edilmiş hər bir seçki məntəqəsinin hüdudları daxilində 8 nəfər seçicinin sorğuda iştirakı nəzərdə tutulmaqla, 150 seçki məntəqəsi üzrə 1200 nəfərin iştirakı planlaşdılıb.


Sorğunu təşkil edən Anketyor respondentlərin (seçicilərin) müvafiq seçki məntəqəsi üzrə müəyyən edilməsini, Kiş metodundan və  Milli Demokratiya İnstitunun sorğu metodologiyasından istifadə edərək aşağıdakı qaydalar əsasında aparıblar:

  1. i) Respondent müvafiq seçki məntəqəsi üzrə müvafiq ünvana (seçki məntəqəsinin dislokasiyası üzrə püşkatma yolu ilə müəyyən edilmiş yaşayış binası) gedib və bu ünvandan sağda və solda yerləşən hər 4 evdən birinə müraciət edib;
  2. ii) Anketyorlar müvafiq qaydalar əsasında respondentləri sorğuya cəlb edərkən onların,

(a)Azərbaycan Respublikasının vətəndaşı,

(b)müvafiq seçki məntəqəsi ərazisində qeydiyyatda olması,

(c)sorğu gününədək 20 yaşının tamam olması,

(d) ailə üzvləri arasında ad günü sorğu gününə ən yaxın şəxs olmasına diqqət ediblər.
Qeyd edək ki, hər bir seçki məntəqəsi üzrə respondentlərin 4 nəfərinin qadın və 4 nəfərin isə kişi olmasına çalışılıb.

Anketyorlar sorğuya cəlb olunan respondentə sorğunun məqsədi və sorğuda iştirak qaydalarını izah ediblər. Bundan sonra sorğu anketlərinin doldurulması üçün respondentlər anketlə təmin edilib.

Respondentlər

Sorğuda iştirak edən 1186 nəfər seçicinin 55 faizi kişi, 45 faizi qadın olub. Ailə vəziyyəti ilə bağlı isə əldə olunmuş nəticələrə görə, sorğu iştirakçılarının 76 faizi evli, 16 faizi subay, 7 faizi boşanmış və 1 faizi duldur.


Sosial-iqtisadi durum

Sorğu anketində respondentlərə yerli və milli səviyyəli sosial-iqtisadi durumun qiymətləndirilməsi ilə bağlı 8 sual təqdim edilib

İlk suala əsasən respondentlərin yalnız 2 faizi ailəsinin yaşayış güzəranını yüksək, 48 faizi isə orta qiymətlləndirir. Ancaq respondentlərin 49 faizi öz güzəranlarını ya ağır, ya da dözülməz hesab edib.

Sorğuda həmçinin respondentlərin ötən 3 il və növbəti 3 il üçün yaşayış güzəranını qiymətləndirmək təklif edilib.

Respondentlərin 49 faizi öz yaşayış güzəranlarının ötən 3 il ərzində dəyişmədiyini bildirib. Ancaq 36 faiz respondent bildirir ki, maddi güzəran ya aşağı düşüb, ya da ağırlaşıb. Ümumilikdə isə respondentlərin yalnız 5 faizi öz yaşayış güzəranlarının yüksəldiyini qeyd ediblər.

Növbəti 3 il üçün gözləntilərlə bağlı suala cavabında respondentlərin yalnız 24 faizi yaşayış güzəranlarının yüksələcəyinə ümid edir. Ancaq respondentlərin 42 faizi dəyişikliklərin baş verəcəyinə inanmadığını, 20 faizi isə aşağı düşəcəyi və ya ağırlaşacağını proqnozlaşdırb.
İctimai-siyasi proseslərdə iştirak

Təqdim edilmiş suallardan biri seçicilərdən ölkədə keçirilən seçkilərin onların həyatına təsirini öyrənməklə bağlı olub. Maraqlıdır ki, respondentlərin təxminən 44 faizi mümkün 9 cavab arasında yalnız “seçkilərin hər hansı təsiri olmur” variantına üstünlük veriblər. Digər üstünlük qazanan cavablar arasında “maaşlar və təqaüdlər artır” (19 faiz) və “yollar abadlaşır” (16 faiz) variantları gəlir. Bununla belə respondentlərin 8-9 faizi hesab edir ki, seçkilər zamanı siyasi təzyiqlər artır və ya siyasi proseslər canlanır.

Seçki prosesi ilə bağlı növbəti sual respondentlərin 2013-cü il seçkiləri ərəfəsində fəallığını öyrənmək məqsədi daşıyıb.

Ölkəmizdə seçki qanunu və təcrübəsi vətəndaşlara seçki prosesində təkcə seçici kimi deyil, həmçinin müşahidəçi, jurnalist, seçki komissiyası üzvü və namizədin nümayəndəsi (könüllü təbliğatçısı) kimi iştirak etməyə imkan verir. Bu baxımdan maraqlıdır ki, ölkə üzrə respondentlərin böyük bir kəsimi seçkidə yalnız seçici (70 faiz) kimi iştirak etməyi düşünür. Ancaq bununla belə respondentlərin 16 faizi seçkidə iştirak etmək istəmir. Cəmi 14 faiz respondent isə seçkidə seçici olmaqla yanaşı həmçinin jurnalist, müşahidəçi, seçki komissiyasının üzvü və ya prezidentliyə namizədin təmsilçisi olmağa razıdır.

Dövlət-vətəndaş münasibətləri 

Bu bölmə üzrə respondentlərə 6 sual təqdim edilib və əsas məqəsd dövlət hakimiyyəti orqanları ilə vətəndaşlar arasında əlaqlərin öyrənilməsinə yönəlib. Bununla belə cavablar arasında vətəndaşların siyasi partiyalar, ictimai təşkilatlar, dini icmalar, media və könüllü vətəndaş bilikləri ilə bağlı baxışlarını müəyyən etmək mümkün olub.

Respondentlərin öz problemlərinin həlli ilə bağlı “tamamilə” etimad göstərdiyi dövlət qurumları arasında isə Prezident və Prezident Administarsiyasi ilk yerdə (40 faiz) olub.
“Probleminizlə bağlı deputatınıza müraciət edirsinizmi” sualına cavablar yetərincə mənfi səciyyə daşıyıb. Respondentlərin  46 faizi deputata müraciət etməyin əhəmiyyətsiz olduğunu qeyd ediblər.

“Əgər, 1 mart 2012-ci ildə Quba şəhərində keçirilən aksiyalara bənzər hadisə Sizin yaşadığınız bölgədə baş versəydi münasibətiniz necə olardı?” sualına isə respondentlərin  35 faizi aksiyaya qoşulacaqlarını, 15 faizi isə müşahidə edərək tərəfsiz qalacaqlarını vurğulayıblar.

Qeyd edək ki, sorğu nəticəsində əldə olunan məlumatlar ümumiləşdirilərək təhlil ediləcək, nəticələr Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin inkişafı istiqamətində təkliflərin hazırlanmasına yönələcək.

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti