SMDT-nin 23 dekabr 2009-ci ildə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat mərhələsinə dair Aralıq Hesabatı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil və tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcək.

SMDT Azərbaycan Respublikasında 23 dekabr 2009-ci ildə keçiriləcək bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsinin ikinci mərhələsini – seçkiqababağı təşviqat mərhələsini (25 noyabr – 21 dekabr 2009-ci il) həyata keçirib. Bu mərhələdə SMDT 96 seçki dairəsində və milli səviyyədə seçkiqabağı siyasi mühit, seçki komissiyalarının fəaliyyəti, namizədlərin təşviqat prosesini müşahidə ediblər. Müşahidə üzrə məlumatlar həmçinin zərurət yarandıqda seçki komissiyalarının üzvlərindən, seçicilərdən, namizədlərdən və ya onların nümayəndələrindən alınaraq üçüncü şəxslərlə dəqiqləşdirilib.

SMDT 1 dekabr 2008-ci ildə qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən təsis edilib. Qeyd edək ki, 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi SMM-in qeydiyyatını qanunsuz olaraq ləğv edib. SMDT Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, seçki sisteminin inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə fəaliyyət göstərən bitərəf və təcrübəli qeyri-hökumət təşkilatıdır.

Bələdiyyə seçkilərinin ikinci mərhələsi – seçkiqabağı təşviqat prosesi dövründə Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti əvvəlki mərhələdən fərqlənib. Namizədlərin irəli sürülməsi və qeydiyyatı dövrü ilə müqayisədə ikinci mərhələdə MSK müşahidəçilərin qeydiyyatı və şikayətlərin araşdırılması zamanı müsbət mövqe nümayiş etdirməyib. Belə ki, şikayətlərin bəzilərini baxılmamış saxlayıb və müşahidəçilərin qeydiyyatında isə gecikmələr olub. MSK-nın iclaslarında iştirak etmək istəyən müşahidəçilərin müraciətinə müsbət reaksiya verilsə də, həmin şəxslər mütəmadi olaraq iclaslara dəvət olunmayıb. Dairə Seçki Komissiyalarında (DSK) qeydiyyatdan keçmək istəyən namizədlərə və müşahidəçilərə süni əngəllər yaradılıb. Dairə seçki komissiyaları namizədləri qeydə alınması və ya qeydiyyatdan imtina barədə qərarın surətini 24 saat müddətində verməli olduğu halda, qərarların surəti bəzən 10 gün gec verilib. SMDT-nın araşdırmaları göstərir ki, bunun əsas məqsədi namizədlərin yuxarı seçki komissiyasına şikayət vermək üçün müddətini süni olaraq gecikdirmək olub. Bəzi DSK-da müşahidəçi olmaq istəyən şəxslərin ərizələrinə 2 gün ərzində baxılmalı olduğu halda 7-8 gün ərzində baxılıb. Bu da müşahidəçilərin sayına mənfi təsir edib.

Ətraflı məlumat üçün linkə daxil olun