Almaniya Federal Respublikasının prezidentini Federal Məclisin üzvləri, yəni səsvermə hüququ olan vətəndaşlar deyil, bir növ seçkiçilər kollegiyası seçir. Sırf yeni prezidenti seçmək üçün çağırılan Federal Məclisin bir hissəsini bundestaqın deputatları, digər hissəsini 16 əyalət landtaqından Berlinə ezam edilmiş seçkiçilər təşkil edir.
Seçkiçilərin regional parlamentlərin deputatları olması vacib deyil. Landtaqlarda təmsil olunmuş partiyalar çox vaxt Federal Məclisə Almaniyada məşhur olan məsləkdaşlarını – idmançıları, mədəniyyət xadimlərini, aktyorları və kübar xronikanın qəhrəmanlarını nümayəndə göndərirlər. Bəzən belə praktika gülünc hadisələrə gətirib çıxarır.
Məsələn, 2004-cü ildə Bavariyanın Xristian Sosial İttifaqı Berlinə knyaginya Qloriya fon Turn und Taksisi göndərib və ümid bəsləyib ki, o, “düzgün” səs verəcək – həmin dövrdə iqtidarda olan mühafizəkar-liberal koalisiyanın namizədi Horst Köleri dəstəkləyəcək. Amma knyaginya, H.Kölerin rəqibini, sosial-demokratların və “yaşılların” namizədi Qezina Şvanı dəstəkləyib, üstəlik, bunu açıq elan edib.
On altıncı çağırış Federal Məclisdə 630 bundestaq deputatı və eynən bu qədər yerlərdən nümayəndə var – cəmi 1260 adam.. AFR Prezidenti ikinci müddətə seçilə bilər və bəziləri bu hüquqdan istifadə ediblər.

Nə üçün AFR-də ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri keçirilmir?

Müharibədən sonrakı Almaniyada – 1949-cu ildən və hətta ondan da əvvəl vaxtaşırı bu sual ətrafında diskussiya aparılır: nə üçün qonşu Avstriyada (o da parlamentli respublikadır) olduğu kimi, prezident ümumxalq səsverməsi yolu ilə seçilmir?
2016-cı il reprezentativ sorğu zamanı Almaniya sakinlərinin 69 %dövlət başçısının bu yolla seçilməsini dəstəkləyiblər. Amma bunun üçün ölkənin Konstitusiyasına dəyişikliklər edilməlidir, halbuki onun müəllifləri Veymar Respublikasının ibrət dərslərini nəzərə alıblar. Onlar AFR-in Əsas Qanununa bir növ qoruyucu mexanizm tətbiq ediblər. Bu mexanizm təkcə prezidentin səlahiyyətlərini deyil, həm də hökumətin cari fəaliyyətinə onun qeyri-rəsmi də olsa təsirini məhdudlaşdırır.
Ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri prezidentin hökumətə və parlamentə münasibətdə mövqelərini şəksiz möhkəmləndirərdi. Amma AFR Konstitusiyasının müəllifləri də məhz hakimiyyətin iki mərkəzini – prezident və parlament hakimiyyətlərini Veymar Respublikasında olduğu kimi, dirçəltməkdən qaçmağa çalışıblar. Üstəgəl, ötən əsrin 20-ci illərində demaqogiya ilə müşayiət olunan və prezident seçkilərini populist tədbirə çevirən referendumların mənfi təcrübəsi nəzərə alınıb.
Maraqlıdır ki, elə həmin sorğunun nəticələrinə görə, federal prezidentin səlahiyyətlərinin və nüfuzunun genişləndirilməsi lehinə çıxış edənlərin payı yalnız 30 faizdir.