Anar Məmmədlinin 17 noyabrda saxlanılanlar barədə münasibəti

SMDT-nin rəhbəri Anar Məmmədli 17 noyabrda saxlanılanlar barədə münasibət bildirib:

Noyabrın 17-də Milli Şura, AXCP üzvlərinin Şəhidlər Xiyabanına ziyarətinə məhdudiyyət, iştirakçıların polis tərəfindən saxlanılması, 11 nəfərin, o cümlədən partiya sədri Əli Kərimlinin inzibati məsuliyyətə cəlb olunması sərbəst toplaşmaq azadlığına kobud müdaxilədir. Bu olay sərbəst toplaşmaq azadlığı haqqında qanunun 7 və 8-ci maddələrinin, Konstitusiyanın 49-cu, Avropa Konvensiyasının 11-ci və ATƏT-in Kopenhagen sənədinin 9-cu maddələrinin kobud şəkildə pozulmasıdır. Qanunla sərbəst toplaşmaq azadlığı ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və ya cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının mühafizəsi, əxlaq normalarının və mənəviyyatın mühafizəsi, başqa şəxslərin azadlıqlarının müdafiəsi məqsədilə məhdudlaşdırıla bilər.  Ümumiyyətlə, Avropa hüququ ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlar, milli, irqi və ya dini ədavəti təbliğ edən, habelə müharibəni təbliğ edən toplantıları qadağan edilir. Noyabrın 17-də bu hallar baş vermədiyindən, bu davranışı siyasi repressiya nümunəsi hesab etmək olar.