Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyası fəaliyyətə başlayıb.

ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, missiya Qazaxıstanda iyunun 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin hökumətinin dəvəti ilə gəlib. Səfir Ursula Qaçekin başçılıq etdiyi müşahidə missiyasına 11 ekspert daxildir. Bundan başqa, missiyanın tərkibində 24 uzunmüddətli və 300 qısamüddətli müşahidəçi fəaliyyət göstərəcəklər. Onlar seçkilərə bir neçə gün qalmış Qazaxıstana gələcəklər.

ATƏT DTİHB-nin məlumatında bildirilir ki, müşahidə missiyası prezident seçkiləri ərəfəsində seçki kampaniyasının demokratik standartlara uyğunluğu və şəffaflığı,

seçkilərin beynəlxalq hüquq normaları və yerli qanunvericiliyə müvafiq keçirilməsi, seçki komissiyaları və digər hökumət strukturlarının fəaliyyəti, habelə mediada seçkilərin işıqlandırılması üzrə müşahidələr apararaq yekun hesabat təqdim edəcək. Missiyanın üzvləri, həmçinin dövlət rəsmiləri, siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyəti ilə görüşlər keçirəcəklər.

ATƏT DTİHB seçkilərin yekunlarına dair rəsmi hesabatını seçkilərin başa çatmasından iki ay sonra dərc edəcək.

 

AZƏRTAC