SMDT 9 fevral 2020-ci ildə keçirilən Milli Məclisə seçkilər üzrə ilkin rəyini açıqladı

Hazırkı İlkin Rəy Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri günü apardığı müşahidələrin ilkin nəticələrini, o cümlədən uzunmüddətli müşahidələrinin xülasəsini əhatə edir.

Seçkilər ərəfəsində siyasi azadlıqlar, xüsusilə  sərbəst toplaşmaq,  birləşmək  və ifadə azadlıqlarından istifadə üçün məhdudiyyətlər aradan qalxmayıb. Yerli hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi 100-dən artıq azadlığa çıxması ilə bağlı siyasi iradə çatışmayıb.

2003-cü ildən etibarən Seçki Məcəlləsinin təkmilləşməsi, xüsusən də seçki komissiyalarının ölkədəki nüfuzlu siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında formalaşması barədə yerli ictimai-siyasi institutların, habelə Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi və Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb.

SMDT 9 fevral 2020-ci il parlament seçkilərinin ilkin mərhələsi – namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində kütləvi pozuntular qeydə almasa da, bu prosesə yerli icra hakimiyyəti təmsilçilərinin müdaxilə hallarını, bəzi hallarda namizəd olmaq istəyən şəxslərə siyasi təzyiqləri qeydə alıb.

SMDT qeyd edir ki, növbədənkənar parlament seckiləri üzrə seçkiqabağı təşviqat dövründə siyasi muzakirələr və seckilərə ictimai maraq əvvəlki parlament seckiləri ilə müqayisədə xeyli aşağı olub. Təşviqat dövründə dövlət televiziyalarında müxalif siyasi baxışlı şəxslərin iştirakı ilə hər hansı ictimai müzakirə və ya seçkinin gedişi ilə bağlı siyasi debatlar yayımlanmayıb, namizədlər arasında yerli və milli səviyyəli problemlərin müzakirəsi baş verməyib.

SMDT seçki günü əvvəlki seçkilərdə baş vermiş qanun pozuntuları (bir şəxsin bir neçə dəfə səs verməsi, seçicilərin qrup halında məntəqəyə gətirilməsi, adı seçici siyahısında olmayan insanların səsvermədə iştirakı və saxta seçki bülletenlərinin qutulara atılması) qeydə alıb. Seçki günü namizədləri təmsil edən şəxslərlə yanaşı müşahidəçilərə qarşı fiziki zorakılıq və siyasi təzyiqlər qeydə alınıb. Bu cür hallar seçki komissiyası üzvləri, yerli icra strukturları təmsilçiləri və polisin iştirakı ilə qanun pozuntularına irad bildirən müşahidəçilərə qarşı baş verib.

SMDT seçki komissiyalarını qanun pozuntuları ilə bağlı bütün müraciət və şikayətləri dərhal araşdırmağa, bu prosesdə iştirak edən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması yönündə müfaviq tədbirlər görməyə çağırır. SMDT hesab edir ki, ölkədə siyasi azadlıqlarla bağlı müşahidə olunan böhranın aradan qalxması üçün hakimiyyət dövlətlə vətəndaşlar arasında siyasi inam yaratmağa cəhd göstərməli, siyasi məhbuslar tezliklə azad edilməli, Seçki Məcəlləsinin yerli ictimai-siyasi təşkilatlar, ATƏT-in Demokratik Təsistalar və İnsan Hüquqları Bürosu və Avropa Şurasının Venesiya  Komissiyasının tövsiyələri əsasında təkmilləşməsi təmin edilməlidir.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.