SMDT hazırlıq seminarı keçirib

Oktyabrın 25-də, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Demokratik Jurnalistika Mərkəzi (DJM) ilə birgə 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə yerli seçki müşahidəçiliyinin yüksək səviyyədə təşkilinə yardım məqsədilə ATƏT-in Bakı ofisinin texniki dəstəyi ilə “Seçki günü müşahidəçilərin hazırlanması” layihəsinə hazırlıq seminarı keçirib.

Siyasi partiyaların və müstəqil namizədlərin seçki qərargahı nümayəndələrinin iştirak etdiyi seminarda tərəfli müşahidəçiliyin əhəmiyyəti, seçki təcrübəsi və seçki prosesi üzərində ictimai nəzarət, o cümlədən seçki şikayətlərinin verilməsi və araşdırılması müzakirə olunub.

Layihənin məqsədi 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri zamanı müstəqil və siyasi partiyaları təmsil edən deputatlığa namizədləri təmsil edən müşahidəçilərin bacarıqlarının artırılması və seçki prosesi üzərində ictimai nəzarətin gücləndirilməsinə yardım etməkdir. SMDT layihə çərçivəsində ölkənin 5 bölgəsində 10 seminar keçirəcək və seçki günü müşahidəçiliyə dair 300 nüsxə toplu nəşr edəcək.

Layihə çərçivəsində keçiriləcək seminarlarda əsasən yerli müşahidəçiliyin əhəmiyyəti və əvvəlki seçkilərdə müşahidəçilik təcrübəsinə dair müzakirələr aparılacaq. O cümlədən, müşahidəçiliyə dair yerli və beynəlxalq qaydalar və seçki günü müşahidəçiliyin təşkili strukturuna dair məlumatlar veriləcək.

Bu seminarlarda SMDT Dairə Seçki Komissiyalarında qeydiyyat keçmiş müstəqil namizədləri, seçki bloku və siyasi partiyalardan olan şəxsləri cəlb etməklə ümumilikdə 200 nəfərin iştirakını təmin edəcək. Seminarlar ölkənin Bakı, Gəncə, Sumqayıt, Beyləqan və Göyçay bölgələrində yerləşən 25 seçki dairəsi üzrə keçiriləcək.