Dövlət Statistika Komitəsilə MSK-nın rəqəmlərində kəskin fərqin səbəbi nədir?

Yanvarın 10-dan Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb.

Bununla bağlı Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarına müvafiq tapşırıq verib.

Seçici siyahılarının dəqiqləşdirilməsi hər il aparılır və bunun üçün dövlət büdcəsindən vəsait ayrılır. Bu il həmin məbləğ 5 milyon 789 min manat təşkil edir.

Lakin beynəlxalq təşkilatların hesabatlarında artıq uzun illərdir Mərkəzi Seçki Komissiyasının yekun siyahılarında ziddiyətlər olduğunu qeyd edirlər.

Hesabatlarda qeyd olunur ki, MSK-nin seçici siyahısında 2 milyona yaxın az adam göstərilib.

Bu fərq nədən yaranır? Problemin həll olunması mümkündürmü?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycan əhalisinin sayı noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb. Onlardan 2 885 300 nəfər 18 yaşına çatmayan şəxslərdir və 7 265 413 nəfər seçici sayılır.

Ötən il Mərkəzi Seçki Komissiyası seçicilərin sayını açıqlamayıb. Lakin 2020-ci ildə qurum seçicilərin sayı 5 milyon 329 min 460 nəfər olduğunu bildirmişdi.

Dövlət Statistika Komitəsindən Turana bildirilib ki, qurum tərəfindən aparılan siyahıyaalma doğru və dolğun aparılır. «Bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair haqqında mühakimə yürütməyə, müəyyən problemləri daha effektiv şəkildə həll etməyə imkan verir».

Qurumdan qeyd olunub ki, statistik tədqiqatın əsas informasiya mənbəyini əhali siyahıyaalınması materialları təşkil edir. «Əhalinin sayı haqqında burada daha tam və dəqiq məlumat mövcud olur. Sonuncu siyahıyaalma məlumatlarından istifadə etməklə doğulanlar, ölənlər, ölkəyə daxil olan və ölkədən gedənlərin cari uçotu əsasında növbəti illər üzrə əhali sayı müəyyən edilir. Demoqrafik və sosial sahədə digər mühüm məlumatları əldə etmək üçün adətən seçmə müşahidələr təşkil olunur».

Mərkəzi Seçki Komissiyasından Turana bildirilib ki, hər il Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, yanvardan maya qədər seçici siyahıları dəqiqləşdirilir. «Seçici siyahılarının dəqiqləşdirilməsinə bu il də artıq start verildi. Mərkəzi Seçki Komissiyası seçici siyahılarının dəqiqləşdirilməsini hər zaman davam etdirir. Dairə Seçki Komissiyaları daimi fəaliyyət göstərir, il ərzində onların diqqət mərkəzində saxladığı hallardan biri də seçicilərin hərəkət dinamikasıdır. Həmin hərəkət dinamikası seçicilərinin siyahısının daha dəqiq, dürüst variantının hazırlanmasında yardımçı olur».

MSK-dən vurğulanıb ki, Azərbaycanda seçici siyahıları ilə bağlı heç bir problem yoxdur. «Mərkəzi Seçki Komissiyası seçicilərə öz məlumatlarını müxtəlif vasitələrlə yoxlamaq imkanı əldə etməyə bütün imkanı yaradır. Onlar dairə məntəqə seçki komissiyaları ilə yanaşı, Mərkəzi Seçki Komissiyasının internet səhifəsində də öz məlumatlarını yoxlaya bilərlər».

Qurumdan qeyd olunub ki, seçicilər öz məlumatlarını tapa bilməsələr, o zaman onlayn ərizə formasını doldururlar, təqdim edirlər. «Mərkəzi Seçki Komissiyası da həmin ərizəni araşdırır, həmin seçicinin hansı seçki məntəqəsində səsvermə hüququnun reallaşdırmasını müəyyənləşdirdikdən sonra müvafiq addımlar atılır».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə isə AzadlıqRadiosuna bildirib ki, bu köhnə problemdir və hər il olduğu kimi qalır. «Mərkəzi Seçki Komissiyasına hər il seçici siyahılarının dəqiqləşdirilməsinə təxmimən 6 milyon manat pul ayrılır. Dövlət Statistika Komitəsinə də əhali sayının dəqiqləşdirilməsi üçün də milyonlarla manat vəsait ayrılır. Amma təəssüflər olsun ki, hər iki qurumların açıqladığı rəqəmlərdə fərq var».

Onun sözlərinə görə, iki qurumun metodologiyası bir az fərqlidir. «Onların məqsədləri də fərqlidir. «MSK məntəqə seçki komissiyaları və bəzən də dairə seçki komissiyaların səviyyəsində bəzən seçicilərin sayını az göstərməyə çalışırlar. Bu, daha çox seçkilərdə seçici fəallığının yüksək göstərməyə kömək edir».

Mütəxəssis deyir ki, istənilən halda bu hallar da 2 milyon fərqini yarada bilməz. «Çünki 2 milyon adamın adı seçki siyahısında olmasaydı seçki günü yüzlərlə, minlərlə insanın seçki məntəqələrində adların tapılmamasına gətirib çıxardardı. Düzdür, müəyyən sayda belə hallar olur, amma bu qədər fərq görünür ki, həm MSK-nın, həm Dövlət Staristika Komitəsinin apardığı qeyri-peşəkar siyahıyaalmanın nəticəsidir. Dövlət Statistika Komitəsinin metodologiyası köhnəlib».

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi Azərbaycandan miqrasiya etmiş şəxsləri də siyahıda ölkədə yaşayan əhali kimi göstərir. «Daxili miqrasiya ilə bağlı da problem var. Adam yaşadığı yerdən harasa köçəndə bəzən onun adı hər iki ünvanda siyahıya alınır».

Turan