Qazaxıstanda prezidentliyə namizədlər ana dilindən imtahan verəcəklər

Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində bu ölkənin Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin ana dilindən verəcəkləri imtahanın qaydalarını açıqlayıb.

AZƏRTAC qazax mətbuatına istinadla xəbər verir ki, namizədlər linqvistik komissiyanın tələbi ilə üç mərhələdən ibarət imtahandan keçməli olacaqlar. Onlar ana dilində yazılı tapşırıq – inşa yazmalı, komissiyanın təklif etdiyi mətni oxumalı və verilən mövzuya dair 15 dəqiqə ərzində nitq söyləməli olacaqlar.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleymen bildirib ki, namizədlər üçün əsas meyar qazax dilində səlis danışmaq və düzgün yazmaqdır. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də namizədlərə Abay Kunanbayev, Jusipbek Aymautov, Fərizə Onqarsınova və digər qazax ədiblərinin əsərlərindən parçaları oxumaq təklif olunacaq. Linqvistika komissiyasının heyətini isə təhsil və mədəniyyət nazirlikləri, aparıcı universitetlərin rektorları müəyyən edəcəklər.

İyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin qarşısında ana dili bilikləri ilə yanaşı, Qazaxıstanda anadan olmaq, son 15 ildə bu ölkədə yaşamaq tələbləri qoyulub.

AZƏRTAC