SMDT sədri “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna təklif edilən son dəyişikliklərlə bağlı münasibətini bildirib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna təklif edilən son dəyişikliklərlə bağlı münasibət bildirib. “Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun təşəbbüsü ilə parlamentə təqdim edilən və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan layihə vətəndaşların dinc toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı hüquqi tənzimlənmənin ağırlaşdırılmasına yönəlib. Çünki, layihədə dinc etiraz aksiyalarına hökumətin qadağalar tətbiq etdiyi hallarda iştirakçılar və təşkilatçılara qarşı cərimələrin kəskin olaraq artırılması nəzərdə tutulur. Bu isə demokratik ölkələrdə, xüsusən Avropa Şurası və ATƏT məkanında sərbəst toplaşmaq azadlığının məhdulaşdırılması barədə hökümətlərin öhdəlikləri ilə bağlı prinsiplərə ziddir.” – o deyib.

O həmçinin bildirib ki, qüvvədə olan “Sərbəst toplaşmaq azadlığı” haqqında qanun dinc etiraz aksiyalarının keçirilməsi ilə bağlı hökumətin vəzifələrini Avropa Şurası və ATƏT standratlarına uyğun tənzimləmir və dinc toplantıların keçirilməsi zamanı dövlətə qadağalar müəyyən etməklə bağlı geniş səlahiyyətlər verir. Halbuki, vətəndaşların və vətəndaş qruplarının öncədən xəbərdarlıq etməklə və ya gözlənilmədən (təsadüfi) dinc etiraz aksiyaları keçirməsi ictimai asayişin pozulması, ətraf mühit və sağlamlığa zərbə, zorakılıq, dini-milli, siyasi və irqi ayrı seçkiliyin təbliği və təşviqi ilə müşayiət olunmursa, eyni zamanda başqa aksiyalarla eyni məkana və vaxta təsadüf etmirsə, dövlət tərəfindən məhdudlaşdırıla bilməz. Əfsus ki, AŞ və ATƏT-in bu cür aksiyalarla bağlı yanaşması mövcud qanunda nəzərə alınmaq əvəzinə, sərbəst toplaşmaq azadlığının yenidən məhdudlaşdırılması istiqamətində hüquqi əsaslar yaratmağa cəhd edilir. Bu baxımdan təklif olunan layihə sərbəst toplaşmaq azadlığımn məhdudlaşdırılmasına yönəlməklə,  təklif olunan cəzalar ədalətli, legitim və dövlətin pozitiv öhdəliklərinə mütənasib hesab oluna bilməz.

A.Məmmədli bildirib ki, indiki halda “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun müddəaları vətəndaşların dinc toplantılarını maneəsiz və asan keçirilməsi üçün yumşaldılmadan belə bir layihənin müzakirəyə çıxarılmasına hər hansı ictimai ehtiyac yoxdur. “Bu qanun layihəsi həmçinin sərbəst toplaşmaq azadlığının ayrılmaz hissəsi olan ifadə və birləşmək azadlığına yönəlməklə Azərbaycan Konstitusiyası, İnsan Hüquq və Azadlıqları haqqında Avropa konvensiyası, ATƏT-in Kopenhagen sənədi və Avropa Şurasının sərbəst toplaşmaq azadlığı barədə rəhbər prinisiplərinə ziddir. Bu baxımdan qanun layihəsi ilk öncə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyini almaq üçün hər iki instituta təqdim edilməli və ya parlamentin gündəliyinə daxil edilməməlidir.”

SMDT Media və İctimai Əlaqələr Departamenti