Sumqayıt və Sabirabadda Vətəndaş Forumları keçirilib

14 avqust da Sumqayıt şəhərində SMDT-nin “Milli Məclisə seçkilərin keçirilməsi əsasları” mövzusunda vətəndaş forumu keçirilib. SMDT-nin hüquqşunası Azər Qasımov Parlament seçkilərinin keçirilməsinin qanuni əsasları haqda iştirakçıları məlumatlandırıb.
Müzakirələr zamanı Müsavat partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas  SMDT-nin “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər” haqqında qanun layihəsinin  Parlament tərəfindən qəbul edilməməsinə təəssüfləndiyini bilidirib. Həmçinin 7 noyabr 2010-cu ildə keçiriləcək Parlament seçkiləri öncəsi siyasi vəziyyətin normal olmaması və belə olan halda da ədalətli seçkilərin keçirilməsi üçün demokratik mühitin olmamasından danışıb.

“Sumqayıt Gənc Hüquqi Maarifçilik” İctimai Birliyinin nümayəndəsi Ramin Zeynallı 2000-ci ildən bəri olan bütün seçkilərdə müşahidəçi olduğunu qeyd edərək vurğulayıb: “O vaxtdan bu vaxtadək seçkilərdə saxtakarlıqların artmasına baxmayaraq müşahidəçilərin peşəkarlığının demək olar ki, artmadığını müşahidə edirik”.


“Bizim Şəhər”
Sumqayıt Sosial İnkişaf Mərkəzinin sədri Mətanət Zeynalova indiki gənclərin üzərinə daha çox məsuliyyətin düşdüyünü bildirib: “Belə bir vaxtda demokratik seçkilərin keçirilməsi üçün müşahidəçilik aparmaq enerji və mübarizlik tələb edir”.

SMDT-nin Sumqayıt koordinatoru Cavid Nəbiyev evdar qadınların seçkilərdə passivliyini xatırladaraq qeyd edib: “Qarşıdan gələn parlament seçkilərində ali təhsili evdar qadınları da müşahidəçiliyə cəlb etməyə çalışacağıq”.

Sonda forum iştirakçıları bildiriblər ki, Milli Məclisə keçirilən seçkilərin ölkə üçün daha əhəmiyyətli olduğunu nəzərə alaraq seçkilərdə istər seçici, istərsə də müşahidəçi kimi daha aktiv iştirak edəcəklər.

ABŞ Milli Demokratiya İnstitunun dəstəyi ilə həyata keçirilən forumda 31 nəfər – siyasi partiya, qeyri-hökümət təşkilatlarının və SMDT-nin könüllülər iştirak edib.

12 avqust 2010-cu ildə Sabirabad rayonunda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi “Seçki şikayətlərinin verilmə qaydası” mövzusunda Vətəndaş forumu keçirib.

SMDTnin hüquqşünası Azər Qasımov təşkilat haqqında daha geniş məlumat verib: “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2001-ci ildən “Seçkilərin Monitorinqi Mərkəzi” kimi fəaliyyət göstərməyə başlayıb. Lakin 2008-ci ildə Ədliyyə Nazirliyi təşkilatın qeydiyyatını əsassız olaraq ləğv etdi və biz SMDT kimi fəaliyyətimizi davam etdirməyə başladıq.” Hüquqşünas Azərbaycanda və xaricdə seçkilərin müşahidəsindən danışıb: “Təşkilatımız Azərbaycanda təkrar seçkilər də daxil olmaqla 11, xaricdə isə 19 seçkini müşahidə edib”.

Azər Qasımov seçki şikayətləri ilə bağlı məruzə edib: “Seçki şikayətləri seçki prosesinə ciddi təsir edən amildir. MSK-ya şikayətlərin verilməsi üçün vasitənin poçt olması vacib amillərdəndir. Çünki bu vasitə ilə müraciətləri sonradan sübut eləmək olur. Nə qədər şikayət çox olsa, o qədər də hakimiyyətə təzyiqlər çox olar, cəmiyyətdə informasiyalar çox dolaşar. Əgər dairə seçki komissiyasına şikayətlərə reaksiyalar verilmirsə, onda şikayətçi DSK-nın hərəkətsizliyindən şikayətlər verə bilər.”

AXCP-nin Sabirabad rayon təşkilatının sədri Səttar Şahlarov yerlərdə fəaliyyətin çətinliyindən danışıb: “Hazırda çevik polis alayının bölmələri Sabirabaddadır. Fəaliyyət  çətindir. Ancaq Sabirabadda bundan əvvəlki seçkilərdə yerli əhali aktiv iştirak edib. Kifayət qədər şikayətlərimiz də olub. Son bələdiyyə seçkilərində şikayətlər verildi, ancaq heç bir nəticəsi olmadı. Düzdü bu şikayətlərdən Avropa Məhkəməsinə müraciət etmək imkanı yox idi. Bu seçkilərdə isə saxtakarlıqlar olsa Avropa Məhkəməsinə qədər şikayətlər verəcəyik.”

Forum iştirakçıları seçki şikayətlərinin əhəmiyyəti barədə danışıb və parlament seçkilərində isə şikayətlərin daha çox əhəmiyyət kəsb etdiyini, müşahidəçilərin şikayətlərlə dairə seçki komissiyalarına, Mərkəzi Seçki Komissiyasına, şikayətlərə baxılmayacağı təqdirdə məhkəmələrə şikayət edəcəklərini bildiriblər.
ABŞ Milli Demokratiya İnstitunun dəstəyi ilə həyata keçirilən forumda 19 nəfər iştirak edib.

SMDT Media və İctimai Əlaqələr Departamenti